
Azərbaycanda statistikanın “möcüzələri” haqda
Zamin HACI
İqtisadiyyat Universitetində oxuyarkən ən zəhləmgedən fənlərdən biri statistika idi. Çünki bu fənni bizə tədris edən şəxs rüşvətxorun yekəsiydi. O vaxtdan “rüşvət” və “statistika” sözləri mənimçün az qala eyni mənanı daşıyır. Sonralar statistika haqda iki aforizm eşitdim, qənaətim daha da möhkəmləndi. “Üç cür yalan var: yalan, ağ yalan və statistika” kəlamı yetərincə məşhurdur. O birini isə xuliqanlar düşünüb: “Statistika bikini kimi bir şeydir - lazım olanı gizlədir, lazım olmayanı göstərir”. Düz tapdınız, bu gün statistikanın ayıblarından danışacağıq.
Dövlət Statistika Komitəsi keçən ayın sonunda iş yerləri haqda müəyyən rəqəmlər açıqladı. Sitat: “Bu ilin yanvar-sentyabr aylarında 114.271 yeni, o cümlədən 79.604 daimi iş yeri açılıb. Ümumilikdə isə 2003-cü ilin 1 oktyabrından 2007-ci ilin 1 oktyabrına qədər 610.754 yeni, o cümlədən 432.009 daimi iş yeri yaradılıb”. Bu aşkar yalanı ifşa etmək üçün heç nəyə ehtiyac yoxdur. Eləcə, ardını oxumaq yetir: “Daimi iş yerlərinin əsas hissəsi - 13 faizi kənd təsərrüfatı, ovçuluq və meşə təsərrüfatının payına düşüb”. Yaxşı, bəs onda ölkədə kənd təsərrüfatı məhsulu istehsalı niyə ildən-ilə azalır? Bunu, axı elə DSK özü də etiraf edir! Belə çıxır ki, işçilər artır, istehsal azalırmış... Yəni əgər 2003-cü ildə kənddə bir turpu bir adam əkibsə, 2007-də artıq bir turpu üç adam əkib? Əlbəttə, axı turpu çıxartmağın çətin olduğunu biz uşaqlıqdan bilirik. DSK təkcə baba və nənəni yox, nəvəni, köpəyi, pişiyi, siçanı da iş yeri saymaqda haqlıdır.
Yaxud yenə DSK-nın məlumatına görə, bu ilin yanvar-sentyabr aylarında ölkə iqtisadiyyatında orta əmək haqı 177,6 manat olubdur. Ancaq həmin rəqəm açıqlanmazdan cəmi bir həftə qabaq dövlət başçısı İlham Əliyev iqtisadi müşavirədə söylədi ki, Azərbaycanda orta əmək haqqı 230 manatdır. Daha sonra iqtisadi inkişaf naziri Heydər Babayev aldı görək nə dedi: “Bu ilin sonunadək Azərbaycanda orta aylıq əmək haqqı 182 manata çatacaq. Hazırda 177,6 manatdır”. Məntiqlə, biz prezidentə inanmalıyıq. Əgər onun dediyi rəqəm doğrudursa, belə çıxır ki, Heydər Babayev xalqın maaşını azaltmağa çalışır.
Yalan danışanda da, heç olmazsa onu koordinasiya etmək lazımdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində müavin görəvində çalışan Natiq Məmmədov deyirdi ki, hazırda məşğulluq xidmətlərində 54 min işsiz qeydiyyatdadır. Lənət şeytana, bu rəqəm artıq gözümüzü yağır eləyib! Azından 7 ildir mən eşidirəm ki, ölkədə rəsmən 54 min işsiz var. Nə artır, nə azalır. Doğrusu, işsiz qeydiyyatını, uçotunu daim bir səviyyədə saxlamaqda hökumətin nə fırıldağı, nə sirri var, onu mən bilmirəm.
Yalanı koordinasiya edərkən əcnəbilərlə də “işləmək” vacibdir. Yoxsa onlar bəzən bizim hökumətin biabırçı korrupsiyasını özləri də bilmədən ortaya qoyurlar.
İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin eksperti Rövşən Ağayev təzəlikcə maraqlı hesablamalar ortaya qoydu. Sadəcə, Azərbaycanda məktəb tikintisinə yerli və xarici təşkilatların çəkdiyi xərcləri müqayisə eləməklə. Rövşən bəyin araşdırmasından yalnız bir xırda hissəyə təkrar baxaq.
Azərbaycan hakimiyyəti Qubanın Xınalıq kəndində 15 siniflik məktəbi 1 milyon yarım dollara tikib. Tovuzda məktəb tikilərkən 1 sinif otağı hökumətə 84 min manata (təqribən 100 min dollara) başa gəlib. ABŞ səfirliyi isə Əzizbəyov rayonunun Yeni Qala qəsəbəsində 20 siniflik, 400 şagirdlik məktəbi 300 min dollara tikib. Yəni amerikalılar bir sinif otağına cəmi 15 min dollar xərc çəkiblər ki, bu da yetərincə real görünür. Yoxsa 100 min dollara Tovuzda sinif otağı olarmı? Bu, büdcə vəsaitini oğurlamaq deyilsə, nədir? Üstəlik, amerikalıların tikdiyi məktəbdə hələ istilik sistemi və 20 tonluq su çəni varmış, bizimkilər isə uşaqlara odun daşıtdırır. Ağayev araşdırmasında yaxşı nəticə çıxarmışdı: “Yəqin bizim hökumət məktəbin dirəyini qızıl-gümüşdən qoyur”.
Oğurluq və yalanla tikilən məktəbi bitirən uşaqların axırı necə olacaq? Mən bilirəm: onlar Dövlət Statistika Komitəsində gələcəkdə işləyə bilərlər.
P.S. Bir lətifə var: “Müdir iş üçün müraciət edən mühasibləri yoxlayır, onlara “iki dəfə iki neçə eləyir” sualını verir. Birinci adam “dörd” deyir, ikinci “beş”, üçüncü “bir” - xeyri olmur. Hamısına qapını göstərir. Nəhayət, biri gəlir, müdirin sualına sualla cavab verir: “Sizə neçə lazımdır?” Bu adamı işə götürürlər”.
