Reklam verin!
HostGator
11:21 tarixində, İqbal tərəfindən, İqtisadi Yumor bölməsində yazılib       Şərhlər(0)      Baxış sayı:122

Yaxud dünyada qiymətləri kim qaldırır


Zamin HACI

“Azərbaycan ordusu”, “Azərbaycanda biznes mühiti” kimi ifadələr mənim qəlbimdə qüssəli ironiya doğurur. Məsələn, təzəlikcə Xanlarda yerləşən hərbi hissədən bir leytenant qaçıb, silahlı-zadlı. Əsgərliyimi orda keçirmişəm, ona görə də orda hərbi xidmətdə olmağın əzabını anlayıram. Amma Qayahanın oxuduğu məşhur nəğmədəki kimi, bu “əsgərlik xatirələri bitməz”. Yaxşısı budur leytenantın qaçmağına Müdafiə Nazirliyinin münasibətinə diqqət edək. Qətiyyətlə təkzib verdilər ki, leytenant saqqallı olmayıbdır. Heç dəxli var? Heç saqqal söhbətinin yeridir? Siz camaata onun izahını verin ki, nə üçün artıq zabitlər də fərarilik etməyə meyillənir? “Onun saqqalı yoxdur”... Elə bil bu boyda orduya uşaq-muşağı rəhbər qoyublar.

İndi keçək “biznes mühiti”nə. Sən mənə fikir vermə, xaricdə bəzi adamlar, qurumlar var ki, onlar bizim ölkədə biznesin-zadın hətta analizini aparırlar. Elə bugünlərdə Londonda yerləşən bir iqtisadi jurnal dünyanın 82 ölkəsi arasında biznes mühitinin necəliyi mövzusunda araşdırma aparıb, Azərbaycanı 73-cü yerə qoyub. Axırdan doqquzuncu. Yəni burda biznes mühiti itin günündədir.
Buna kimsə şübhə etmir. Nə tində torba qoyub günəbaxan tumu satmaq üçün polisə “faiz” verən nənələr, nə “quyruğunu” qapı arasından güc-bəla çıxartmış “Barmek” müdiri Arabul əfəndi, nə Fərhad Əliyevlə bahəm “yolunmağa” məruz qalmış bir sürü iş adamı, nə də, məsələn, fındıq və nar şirəsi satan fövqəladə hallar naziri. Bizdə bizneslə hakimiyyət şəxsən məşğuldur, ən böyük biznesmenlər nazirlərdir. Hər nazir, məmur üçün müəyyən yemlənmə arealı müəyyən edilmişdir. Düzdür, hərdən başqasının “ov sahəsinə” girəni mələdirlər, amma ümumən sakitlikdir. Məşhur bir kitabda deyilən kimi, həm canavarlar toxdur, həm də qoyunlar razıdır.

2007-ci ilin aprelində - 6 ay qabaq dövlət başçısının bir fərmanı çıxmışdı. Fərmanda deyilirdi ki, sahibkarlıqla məşğul olanların işini asanlaşdırmaq üçün “bir pəncərə” sistemi tətbiq olunacaq. Bunun sadə anlamı belədir ki, ta sahibkar, biznesmen müəssisə qeydiyyatdan keçirmək, ya ayrı işlər görmək üçün yüz dənə dövlət qurumunun qapısında avara olmasın, elə bir “pəncərədən” dövlətə müraciət eləsin, həmin “pəncərənin” arxasındakı dövlət qurumu bütün sənədləşmə-filanı onun əvəzinə özü hazırlasın.

Bu metod sivil ölkələrdə fayda verir, ancaq bizdə, məlum şeydir, hamı anladı ki, söhbət rüşvəti vahid əldə, bir pəncərədə təmərküzləşdirməkdən gedir. Ona görə də 6 ay nazirliklər arasında qırğın getdi. Hamı istəyirdi “pəncərə” özü olsun. Əlbəttə, sonucda onsuz yağlı tikələr “yuxarı otağa” gedir, amma pəncərənin qırağını yalamaq da pis perspektiv deyil.

Nəhayət, oktyabrın 25-də dövlət başçısı sərəncam imzaladı ki, “bir pəncərə” Vergilər Nazirliyi olacaq, amma bu prinsipin həyata keçməyini də 2008-ci ilin 1 yanvarına saxladı. Yəqin ləngimə pəncərənin çərçivələrini rəngləmək, bəlkə ümumən təzələməklə bağlıdır. Hərçənd son 6 ayda Vergilər Nazirliyinə onsuz əməlli əl gəzdiriblər.
Nəhayət, ölkədə cərəyan edən bir iqtisadi prosesin sirrini açmışam, onu istəyirəm sizinlə bölüşüm.

Bax, qiymətlər bizdə hər gün qalxır. Hakimiyyətdən bunun səbəbini soruşanda, adətən dünyadakı bahalaşma ilə bağlayırlar. Yəni neyləyək, hər yerdə qiymət qalxır. Eyni zamanda hökumət, dövlət başçısı şəxsən deyir ki, Azərbaycan iqtisadi inkişafa görə dünyada liderdir. Məntiqlə, dünyada gedən bahalaşmanın səbəbkarı... Azərbaycandır. Axı biz bu qədər sürətlə inkişaf etməsək, lider olmasaq dünyada qiymət də qalxmazdı. Axı dünya bazarında qiymətləri liderlər diqtə edir! Əziz başın haqqı belədir!
O üzdən, camaat, gərək biz acından ölməmək üçün bu Azərbaycanın iqtisadi inkişafını dayandıraq. Nə deyirsiniz? Yoxsa başınızı tərpətməyə də heyiniz yoxdur?..
P.S. Nobel komitəsinin qanacağı olsa, “2008 iqtisadiyyat ödülü”nü mənə verərdi.

 



  Yazılar cəmi: 1