![]()
![]()
![]()

“Bir çılpağı yüz cübbəli soya bilməz”
(Azərbaycan atalar sözü)
Zamin HACI
Gördünüzmü, dövlət başçısı istirahətə yollanan kimi deputatxana da dövlət büdcəsini qəbul elədi. Burda bir əlaqə var: büdcə rəhbərin istirahəti üçündür. Əslində, bizim büdcə ümumən istirahət büdcəsidir. İşləmək-zad lazım deyildir, neft yerin altından axır, pulları qatlayıb doldurursan Milli Banka, bala-bala xərcləyirsən. Hətta kefin istəsə pensiyaçı qocalara cənnət ləzzəti yaşada bilərsən. 2007-ci ildə 60 manat pensiya alırdın? Buyur, 2008-də 70 manat olar! 10 manata gör neçə stəkan günəbaxan tumu düşür! Bir anbar! Çırtla, yeni Azərbaycandan zövq al.
Yeri gəlmişkən, dövlət büdcəsini deputatxanaya necə qırdı-qaçdıda soxuşdurdularsa, hətta deputatlar büdcəni qəbul eləyib qurtarandan sonra da bilmədilər ki, onu neçə oxunuşdan keçirdilər. Bir oxunuşa, yoxsa üç oxunuşa? Bəlkə iki yarım oxunuşa? Hökumətin nazirləri büdcə layihəsini təqdim edəndə deputatxana üzvlərinə açıq ikrahla baxırdılar. Yəni “siz kimsiniz”. “Bəyin oğurlanması” kinosunda İsrafil Brodyaqaya deyən fason: “Sən söhbətini elə”. Bizim büdcə xanımın atası hökumətdir.
Camaatımızın başı gündəlik çörəkpulunu hardan çıxartmaq qayğılarına qarışdığından xalq büdcə müzakirələrindən, ümumiyyətlə, xəbər tutmadı. Həqiqətən, gələn ilə hələ bir ay var, indidən oturub onun büdcəsinin dərdini çəkmək müdrik xalqımızın harasına yaraşır? Bəlkə heç çoxumuz 2008-ə çıxmadıq.
Deyirlər, iqtisadiyyatımızda “holland sindromu” başlayıbdır. Hərçənd, camaata bu söz ləzzət eləyir, çoxu düşünür ki, yəqin bu, nədirsə, yaxşı şeydir. Bəs necə, demək olar ki, Hollandiyadakı kimi yaşamaq ehtimalı var. Yoxsa adını niyə holland sindromu qoyublar?
Ölkədə vəziyyət xarabdır. Sən gülürsən, ancaq mənim ciddi sözümdür. Fikir ver, gör son çağlar məktəbli uşaqların başına nə oyunlar gəlir. Onları gah müəllim döyür, gah adam oğruları aparır. Kriminal aləmin, hakimiyyətin maraq obyekti gənc nəsilə yönəlmişdir. Çünki qocalar və orta nəsil artıq cecəkdir, sıxırsan, heç zad çıxmır. Məktəbli uşaqların yağlı əppək kimi yoxa çıxdığı ölkədə indi “neft pullarını, gələcək nəsillərə də saxlayacağıq” cümləsi ironiyanın təntənəsi şəklində səslənir. Əlbəttə, nə qədər məktəbli yox olsa, o qədər neft puluna qənaət edilər. Yoxsa, sən canın, heç rəvadırmı aşırma şalvarda palçıq eşə-eşə məktəbə gedən burnufırtıqlı bir uşaq eşşək boyda “Əsrin müqaviləsi”ndən faizə iddia eləsin? Uşaq yoxdu - iddia da yoxdu! Həmin vəsaiti də apar, gərməşov al, körpünün gündəyməzinə basdır. Yaxud ceyrana xərclə. Hər cürəsinə.
Uşaqları isə ola bilsin div oğurlayır. Ya da hacıleylək. Gətirən də hacıleylək idi axı, indi aparırsa burda sənlik-mənlik, polislik-dövlətlik iş yoxdur. Biz gərək bu prosesə qarışmayaq.
“Darıxmayın, hacıleylək gələcək, bütün qurbağaları happ edəcək”. Bilmirəm bu qədim söhbət hardan yadıma düşdü. Hamısı yuxusuzluqdandı...
Gedim gözümün acısını alım.
