
![]()
Parlamentdə büdcə müzakirələri haqda
Zamin HACI
Əgər dünyada səmərəsiz, mənasız işlərin siyahısı tutulsa, Azərbaycan dövlət büdcəsinin Milli Məclisdə müzakirələri heç şübhəsiz ön yerlərdən birini tutar. Yəqin elə mənim MM-də büdcə müzakirələrinə köşə həsr etməyim də mənasız məşğuliyyətdir, ona görə qəzetdəki yerimiz tamam boşuna getməsin deyə öncə iki məsələdən yazaq.
Bu həftə dövlət başçısı prezident yanında Strateji Araşdırmalar Mərkəzinin yaradılması haqda fərman imzaladı. Fərmana görə SAM-ın məqsədləri “sosioloji sorğuların keçirilməsi, dövlət əhəmiyyətli strateji araşdırmaların aparılması, idarəetmə prosesinin təkmilləşdirilməsinə dair müxtəlif proqnozların verilməsi, cəmiyyətin sosial-siyasi vəziyyətinin təhlili” və sairə olacaqdır.
Axırıncıdan başlayaq. Əgər indiyəcən hakimiyyət camaatla məşğul olarkən taktiki üsullardan (dəyənək, qandal, təpik, sümükqıran itlər, cibə nəşə atıb tutmaq və sairə) yararlanırdısa, indi strateji üsullara keçmək fikrindədir. Yəni, daha geniş planda, daha əhatəli, uzun müddətə hesablanmış hərəkətlərə. Məsələn, tutaq ki, hər hansı bölgədə camaatı bezdirmək, dünyadan əlini üzmək üçün vaxtaşırı polis basqıları düzənlənirdi. Dünən bir oxucum yazıbdır: “Pakistan və Gürcüstanın ardıyca Nehrəmdə də fövqəladə vəziyyət elan olunub, kənd polislərin əhatəsindədir, sakinlərin kənddən kənara çıxması məhdudlaşdırılıb, pasportlar yoxlanır, şübhəlilərin sənədləri əllərindən alınır”. Ancaq Strateji Araşdırmalar Mərkəzi gələcəkdə belə durumlarda bu cür taktiki döyüşlərə ehtiyac görməyəcək, hakimiyyətə məsləhət verəcək ki, Nehrəmə iki-üç dənə xırda ölçülü nüvə bombası atsın, problem strateji həll olunsun. Elə kəndlər var ki, onların ipini taktika ilə yığmaq mümkünsüzdür.
Yaxud, vaxtaşırı “Ayfes”i, nə bilim “Pulsar”-mulsar kimi geydirmə təşkilatları yemləyib sosioloji sorğularda birinci olmaq hakimiyəti bezdirib. İndən sonra sorğunu SAM özü (rusca desək, “SAM sam”) keçirəcək, pul da hökumətin özünə qalacaq. Düzgün strategiyadır.
İkinci xəbərimiz budur ki, 14 noyabrda Bakı bulvarında paytaxtımızın 2016-cı il Yay Olimpiya Oyunlarına namizədliyinin irəli sürülməsinə dəstək məqsədilə “Biz hazırıq!” devizli yürüş keçirilib. Görürsən, hələ 8 il qalır, bunlar indidən hazırdır. Halbuki, Çin kimi heyvərə ölkə gələn il Pekində olası olimpiadaya hələ hazırlaşıb qurtara bilməyib. Bizim hökumətdə keçmiş pionerlər üstünlük təşkil edir, onlar “həmişə hazır”dır. Bəlkə elə 2008-in olimpiadası Bakıda olsun? Hazırıq da bə! Heç olmazsa, Əlixan Məlikovun kəsdiyi qazın əvəzini alardıq, olimpiada məşəlində çay-zad qaynadardıq.
Nəhayət, keçək Məclisdə büdcə müzakirələrinə.
Yenə qeyd edirəm, beynəlxalq qurumların hesabatlarına əsasən və özümüzün də gördüyümüz kimi, iqtisadiyyatının minimum 60 faizi gizli, “kölgə” iqtisadiyyatı olan, korrupsiya üzrə həmişə qara siyahıların başında duran, avtoritar-monarxiya üsuluyla idarə edilən bir ölkədə “dövlət büdcəsi” termini qədər mənasız şey yoxdur!
Keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyev bir dəfə demişdi ki, hər il vergi və gömrük orqanları dövlət büdcəsindən 3 milyard dollar oğurlayır. (Əlbəttə, mən vergi və gömrüyün bu boyda tikəni təkcə udmasına inanacaq qədər avam deyiləm). Özü də Fərhad bəy bu faktı açıqlayanda, Azərbaycanın dövlət büdcəsi hardasa 2 milyard dollara yaxın idi. Gələn ilin büdcəsi 10 milyard olacaqmış. İndi təsəvvür elə oğurluq nə boyda olacaq. Necə deyərlər, “dövlətə qalan budursa, gör özlərinə nə qədər götürürlər”.
Deputatlar da oturub boş-boş müzakirə aparırlar. “Gələn il filan xərcin tərkibində nə nəzərdə tutulur?”, “Beşməkan xərc çox deyil ki?”, “Bəlkə saqqaldan kəsib bığa yamayaq?” və sairə. Qardaşım, bax, keçən il bu vaxtlar 2007-ci ilin büdcəsini “qayırdınız”, axırı nə oldu? İl ərzində, ən azı bizim bildiyimiz odur ki, dövlət büdcəsini prezidentin göstərişiylə iki dəfə dəyişdilər. Neftin qiyməti artdıqca. Çənənizi yormayın, gələn il də eyni cür olacaq. Bizdə dövlət büdcəsi prezidentin xalq üçün bazarlığa gedərkən cibinə qoyduğu “kartof-sorğan siyahısı” kimi bir şeydir. Əgər prezident xalqdan çəkinmirsə, o siyahıda istədiyi dəyişikliyi edər. Məsələn, kartofu “silər”, yerinə kələm alar. Xiyar-pomidoru, dana ətini ümumən ləğv edər. Lap kefi istəsə heç nə almaz, bütün pula bazarın önündəki kafedə yeyib-içər. Neyləyəcəksiniz?
Ümumiyyətlə, başqasının pulunu saymaq yaxşı iş deyil. Büdcə müzakirələrini birdəfəlik yığışdırın. Strateji olaraq...

