Reklam verin!
11:21 tarixində, İqbal tərəfindən, «QARABAĞ SÖHBƏTLƏRİ» bölməsində yazılib       Şərhlər(0)      Baxış sayı:93

YADDA QALAN TARİX

Bu yazılar 1988-ci ildə baş vermiş mitinqlərin bir növ stenoqramıdır. Həmin hadisələrin həm fəal iştirakçısı, həm də müşahidəçisi olduğum üçün hadisələr gedə-gedə, bəzənsə mitinqlər başa çatdıqdan dərhal sonra, el içində deyildiyi kimi "isti-isti" bu yazıları yazmışam.

Milli-azadlıq hərəkatının başlanmasından 19 ildən artıq vaxt keçsə də, həmin hadisələr haqda istənilən qədər yazılmayıb. 1993-cü ildən sonra hakimiyyətə gələnlər bu hadisələrin əhəmiyyətini azaltmağa, mahiyyətini təhrif etməyə, baş verən olayları sıradan adi bir hadisə kimi ictimaiyyətə çatdırmağa can atır. Bunun səbəbləri bizə məlumdur və mövcud iqtidarın Azərbaycan milli-azadlıq hərəkatına, eləcə də onun fəallarına mənfi münasibətinin əsaslarına bələdik.

İndiki iqtidarın Azərbaycan xalqının həyatında müsbət rolu olmayıb, yoxdur və bundan sonra da olmayacaq. Bu iqtidarın azadlıq nə olduğunu anlaya biləcəyinə və xalqa azadlıq, haqq, ədalət tanıyacağına inanmaq sadəlövlükdür.

Xalq hərəkatının səhifələri bu gün toz altında olan daş kitabələrə bənzəyir və bu iqtidar həmin tozun silinməsinə imkan vermir. Amma, zaman gələcək ki, həmin tozlar silinəcək və onda məlum olacaq ki, bu ölkənin milli əsarətdən azad edilməsində sıravi vətəndaşların belə yüksək rolu olduğu halda, bu iqtidarın heç bir rolu olmayıb.

Bu baxımdan 1993-cü ilin iyununda hakimiyyəti qiyam və zor gücünə qəsb edən mövcud iqtidar həmin vaxtdan bu yana ancaq xalqa, millətə, torpağa və onun tarixinə ziyan vurur, bunu indi də davam etdirir. Buna görə də bu millətin və xalqın yaxın tarixi haqda həqiqətləri yazmaq, onu şərhsiz və münasibətsiz insanların ixtiyarına vermək lazımdır.

TARİXƏ BƏZƏK OLAN VƏ MİLLƏTƏ ŞƏRƏF GƏTİRƏN BÖYÜK MÜBARİZƏ

Bəzən xatirələrimizin şirinli-acılı duyumlarında bir ümid qığılcımı göz qamaşdırır. Bəzən ümidsizliyin bizi lap öldürə biləcəyi bir məqamda inam öz həyatı qüdrətini göstərir.

TORPAQ TƏƏSSÜBÜNDƏN MİLLİ BİRLİYƏ APARAN MÜBARİZƏ

Nə vaxt idi ki, bütöv vətən məzmunlu arzu-istəklərmiz nisgil olaraq ürəyimizdən asılmışdı və nə vaxt idi ki, işıqlı yolu itirib, qaranlıq zülmətdə yol gedirdik.

Amma bu gün, mayın 18-i - miladi 1988-ci, hicri-qəməri 1408-ci, hicri-şəmsi 1317-ci il - bütün əvvəlki nisgilləri ürəklərdən yuyub aparan, güclü axına malik çaya bənzədi. Təəssüf ki, insan hisslərinin ifadəsi üçün sözün bütöv bir mənzərə yaratmağa gücü çatmır.

Hakimiyyət səlahiyyətinə söykənərək xalqa nitq irad edən dövlət nümayəndələrinin yerinə indi həmin danışıq yerlərindən xalq nümayəndələri özləri xalqa müraciət edirdilər. İncidilmiş, təhqir olunmuş, döyülərək, söyülərək, alçaldılaraq öz ev-eşiyindən, od-ocağından didərgin salınan neçə yüzlərlə Azərbaycan türkü olan bacı-qardaşlarımız Azərbaycana pənah gətirmişdi.

Xalq və onun mərd övladları, vətəndaş mövqeli ziyalıları, Azərbaycan ali məktəblərinin yol göstərəni olan universitetin tələbələri, daha sonra isə həmişə olduğu kimi bu universitetin yolunu izləyən qalan ali məktəb tələbələri ayağa qalxdılar.

Öz haqqını tələb etməyin bariz nümunəsini daha da şiddətləndirmək üçün yumruq şəklində birləşərək başlar üzərinə qaldırılan, hiddətlə dalğalanan əl dənizi "Qa-ra-bağ, Qa-ra-bağ", "A-zər-bay-can, A-zər-bay-can" nidalarının ürəyə məlhəm yayan sakitləşdirici təsiri, çıxış edən natiqlərin yüksələn-enən səsləri, mikrofon nasazlığının doğurduğu "mik-ro-fon, mik-ro-fon" etirazı. İstinin, uzun müddət ayaq üstə qalmağın, aclıq və susuzluğun, yorğunluğun olmasına baxmayaraq, bütün bu cəhətlərə mətanətlə dözərək xalq və vətən naminə şəxsi əziyyətlərə üstün gələn etiraz dəyanəti.

Öz tələblərini rəsmiləşdirmək üçün Azərbaycan SSR Ali Sovetinin binasına tərəf bu insan ümmanının səsli-küylü mütəşəkkil, şüarlı gedişi: "Yaşasın Azərbaycan xalqı", "Azərbaycanın birliyinə nail olaq", "Erməni ekstremistlərinə ölüm", "Erməni daşnaklarına ölüm".

Yol boyunca kənarda durub hansı hissin təsiri ilə bu izdihama qoşulmaqdan çəkinən insanlar binaların balkonlarından əl yelləyərək bu izdihamla həmrəylik nümayiş etdirərək baxışları ilə nümayişçləri yola salırdılar. Get-gedə izdihamın sayı artır, bu insanların birliyi yenilməz gücü xatırladırdı.

İranın Bakıdakı konsulluğunun qarşısından keçəndə nümayişçilər "Təb-riz, Təb-riz", "Cənubi Azərbaycana atəşin salam", "Yaşasın Vahid Azərbaycan" şüarları səsləndirdilər. Saat 17.15 dəqiqədir. İzdiham Ali Sovetin binası önünə yetişir. Bu izdihamın içindən seçilən 5 nəfərlik bir qrup iclas salonuna daxil olur, nümayiş iştirakçıları isə yenə də səbr, inadla elçilərin içəridən hansı xəbərlə çıxacağını gözləyir.

Bu arada xanımlardan ibarət bir qrup öz tələblərini nümayişçilərə səsləndirir: "Stepanakertin adı dəyişdirilsin", "Ermənilərin adına verilmiş Bakıdakı küçələrin adları başqaları ilə əvəz olunsun", "Ermənistanda dəyişdirilən türk toponim və etnonimləri bərpa edilsin" və "Yaşasın tarixi Xankəndi", "Yaşasın tarixi Gəncə". Bu tələb və şüarlar demək olar ki, bütün nümayiş iştirakçılarında qəribə bir heyranlıq yaşatdı.

Maraqlıdır ki, bir vertolyot Hökumət Evinin qarşısından hərəkət edərək Ali Sovetin binasına qədər gələn izdihamı havadan müşayət edirdi. Təcili yazılan məktublar, toplanan imzalar, verilən təklif və düzəlişlər, elm və incəsənət adamlarının can yanğılı söhbətləri, cavanlara qaynayıb-qarışmaları, bəlkə də ilk dəfə olaraq bir-birini görən, adını belə bilməyən bəlkə də başqa vaxt "haralısan", "yerlimizdir" kimi cılız söhbətləri ilə zəhlə tökən, amma indi ümummilli qayğı ilə yanan bu insanların bir-birinə "qurtardı haralısan söhbətləri" demələri əzəməti daha da artırırdı. Bəlkə də yeni təfəkkür və düşüncə tərzinin təməl daşları bu gün qoyulurdu.

Saat 20.00-dır. Ali Sovetin binasına gedən elçilər qayıdır. Onlardan biri mikrofona yaxınlaşaraq "Əzizlərimiz! Biz Ali Sovetin rəhbərləri ilə görüşdük, sizin təklifləri onlara verdik. İşçi qrup yaradılıb, həmin qrup təklifləri sistemə salaraq SOV.İKP MK Siyasi Bürosuna göndərəcək və bu gün Azərbaycan KP MK-nın Bürosu məhz bu məsələ ilə bağlı iclas keçirməyi nəzərdə tutur" - deyə nümayişçilərə bildirdi. Başqa bir elçi "biz tələbləri verdik, onların üzərində iş gedir, həm də Moskvadan Sov.İKP MK katiblərindən birini gözləyirik. Qoy, gəlib xalqla söhbət etsinlər, vəziyyətlə tanış olsunlar" - deyə söylədi.

Bu arada xanımlardan biri "ey, xalqımızın qeyrətli balaları, siz bütün günü ac-susuz, istiyə, narahatlığa dözüb haqqınızı tələb etdiniz. Biz sizin şəxsinizdə Azərbaycanın yenilməzliyini duyuruq, halal olsun sizə, indisə gedirik evlərimizə, qarşıda gərəkli işlər durur. Güc, qüvvə toplamaq lazımdır" - deyə nümayişçilərə səsləndi.

Saat 14-dən başlayan aksiya saat 21.30-da başa çatdı. Səkkiz saat, amma əsrin özündən uzun və çəkici müddət.

İLKİN ETİRAZ DALĞALARI

Mayın 18-i saat 10.00. Hökumət Evinin qarşısındakı Lenin adına meydan izdihamlı nümayiş saatlarını yaşayır. Bir gün əvvəl, yəni mayın 17-də Bakı qəribə ictimai-siyasi əsəbilik günü yaşayırdı. Şəhərdə zahirən sakitlik hökm sürsə də bu tufan öncəsi olan sakitliyə bənzəyirdi və baş verəcək tufan milli haqsızlığın hiddətindən gərilmiş əzələləri, qəzəb dolu içləri, beyinləri sakitləşdirməli idi.

Mayın 13-14-də Bakı şəhərinə Ermənistanda yaşayan Azərbaycan türklərinin qovulan dəstələri gəlməyə başladı. Bu hadisələr Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətində də baş verdi. Respublikanın özündə azlıq təşkil edən ermənilər çoxluğa, yəni, Azərbaycan türklərinə qarşı zor tətbiq edir, bu da öz növbəsində milli gərginliyi artırırdı.

Mayın 18-də Azərbaycan təkcə etiraz etmirdi, hiddətini, qəzəbini göstərmirdi, həm də bütünlükdə millət olaraq əzəməti, mütəşəkkilliyi və qabiliyyətini ortaya qoyurdu. Saat 10.00-dan saat 13.30-a kimi davam edən mitinqə beş yüz mindən çox insan qatılmışdı, saat 15-dən saat 19-dək davam edən mitinqdə isə iştirakçıların sayı üç yüz min nəfərdən yuxarı idi.

Amma... Milli heysiyyat müqəddəs olduğu üçün bu barədə danışan insan da pak olmalıdır, yaranan şəraitdən istifadə edərək ucuz şöhrət dalınca qaçmaq, xalqa xoş gələn bir-iki kəlmə, soyuq beyinlə deyilən fikirlərlə hərarətli qəlblərə daxil olmaq istəyi, "xalq qəhrəmanı"na, "milli cəngavər"ə, "mənəvi ata"ya dönmək arzusu baş tutan niyyət deyildir. Bəlkə də bu səbəbdən nümayişlərin hərəkətverici qüvvələrilə onun natiqlərinin əksəriyyəti arasında təzad var idi. Xalqın sözünü xalqa yananlar deyə bilər. Yaradıcılığında olan mövqeyilə vətəndaş mövqeyi arasında, rəsmi "cəsarətləri"lə qeyri-rəsmi "cəsarətlər"i arasındakı fərqlərə görə onlara inanmaq və etibar etmək sadəcə sadəlövhlük olardı. Bu ucuz şöhrət düşkünləri özlərinin eyiblərini bilə-bilə onu görmək istəmirdilər. Digər tərəfdən müqəddəs milli təəssüb hissilə meydana toplaşanlar bu şəxslərin əsl simasına bələd deyildilər, onlar sadəcə sözü eşidir, bu sözə razılıq və narazılıqlarını ifadə edirdilər.

Nümayiş iştiraçılarının tələbləri arasında elələri var idi ki, onu tələb etmək olmazdı, çünki həmin tələbin reallaşması döyüşdən, savaşdan, mübarizə və fədailikdən keçirdi. Bütün bu müsbət və mənfi çalarlı tələblər ilə birlikdə bu xalq nümayişi əzəmətli görünürdü.

Çoxları ağlayırdı. Milli şüurun yüksəlişini görən bu insanlar sevinc yaşlarını gizlətmirdilər. Uzun on illər ərzində milli coşqunu görməyən, rüşvətin, qohumbazlığın, yerliçiliyin, yarınmaqlığın, hər cür milli təəssüb və qayğıkeşliyi öldürməsinin şahidi olan bu insanlar gördüklərindən vəcdə gəlmişdilər. Xalq inamının və özünü müdafiə siqlətinin aşkarlanması nümayişçilərin qələbəsi idi və bu mənada 16 və 18 may nümayişləri müstəsna rol oynadı.

Bu nümayiş yaşından, təhsilindən, dərəcə və mövqeyindən asılı olmayaraq iştirakçıların hamısını bir-birinə mehribanlaşdırdı, müraciət və xitablar ən doğma adama edilən nəzakət səviyyəsində idi və xalq get-gedə bir-birinə əzizləşirdi. Artıq yavaş-yavaş nümayişçilər dağılır, hamı dəstə-dəstə hələ də müzakirə aparır, düşüncələrini bir-birinə çatdırırdılar. Amma şair Abbas Səhhətin "Ölərəm, əldən əgər getsə vətən" misrası bu mübarizənin əsas can cövhəri idi.

18 may tarixi uzun on illər unutdurulan bir cəhəti bir də yada saldı ki, düşməndən dost ola bilməz. 18 may tarixi millətin özünü sevməsi və özünü təsdiq etməli olması həqiqətini bir daha ortaya qoydu.

Ardı var...

İstinad: http://www.contact.com.az/index.php?type=news&lang=az&news_id=2263



  Yazılar cəmi: 2    Sonrakı səhifə »