AĞ EVİN “QARALMASI”

Yaxud blokbaster bitdi
Bizə zarafat kimi gəlirdi, hətta MSK sədri, dünya şöhrətli seçki saxtakarı Məzahir Pənahovu müşahidə üçün okeanın o tayına göndərmişdik, amma budur, zənci balası artıq dünya divinin prezidenti olmuşdur.
Mənim şəxsi qənaətimə görə, Barak Obamanı ilk növbədə... Hollivud seçdi. Amerika cəmiyyəti uzun illərdir zəncilərə qarşı irqi ayrı-seçkiliyin günah yükünü üzərində daşıyır. Və hər yerdə sanki sübut eləməyə çalışırlar ki, biz daha irqçi deyilik. Nəticədə ABŞ kino sənayesi baş rolu qaradərili prezidentin oynadığı filmlər çəkməyə girişdi. Son illərdə neçə dənə belə film görmüşük. Məsələn, elə bizim yerli telekanallardan birində nümayiş etdirilən məşhur “24 saat” serialında qəhrəmanlardan biri məhz zənci ABŞ prezidenti idi. Bu, sınanmış üsuldur ABŞ-ın kütləvi mədəniyyətində: öncə prosesin filmini, ssenarisini yazırlar, cəmiyyəti yoxlayırlar, sonra həyata keçirirlər.
Əslində indən belə bir qədər qulağımızın dincələcəyinə sevinməliyik. Yoxsa “Makkeyn seçilsə bizə xeyirdi, Obama prezident olsa Azərbaycana filan işi görər” tipli mənasız şərhlərdən boğaza yığılmışdıq. Bizə nə fərqi var ABŞ-ı demokratlar, yoxsa respublikaçılar idarə edəcək? Heç birindən yarımamışıq. Respublikaçı Corc Buş demokratiyanı 8 il neft alverinə qurban verdi, 2003-cü ildə başımıza elə corab hördülər ki, hələ uzun illər bu corabı çıxartmağımız şübhəli görünür. Ondan öncəki demokrat prezident Bill Klinton isə Azərbaycana Stenli Eskuderonu səfir göndərmişdi. Bazar alverçisini. Bəlkə Nardaran kəndində atası müsəlman olmuş bir şəxsin ABŞ prezidenti seçilməyinə sevinirlər, amma nə biləsən, gələn il ikinci “Eskudero” Maştağa - Nardaran arasında peyda olmayacaqmı?
ABŞ siyasətini prezidentlər yox, sistem yürüdür. İndi Türkiyədə dəbdə olan terminlə desək, “dərin dövlət”. Prezident onlar üçün şirmadır, dekorasiyadır, bu ön planın arxasında gizlənib istədiklərini yapırlar. Televiziyalar, internet, çağdaş texnologiyalar kütlələr üzərində manipulyasiya üçün inanılmaz imkanlar açır və ABŞ seçkiləri bunu bir daha sübut elədi.
Mən ABŞ-ı eqoist, mənfəətcil dövlət sayıram. Demokratiya var, ancaq özləri üçün. İstəsələr bütün dünyanı yandırarlar, təki Amerika yaşasın. Dünya xalqları içindən ağıllı adamları, milli sərvətləri sümürüb aparan dövlətin ədalətinə inanmıram. İstəyirsən lap başıma “Tomahavk” raketi atsınlar - inanmıram.
İki-üç gün öncə dostlarla məzəli müzakirə aparırdıq və nəticə belə oldu ki, əgər Obama prezident seçilsə, Nuşirəvan “Azadlıq” radiosunu bağlayacaq. Bu cür karikatura... Dostumuz Qaşqay bəy demişkən, guya radio bağlansa, daha doğrusu, FM tezliyindən yığışdırılsa nə dəyişəcək? Əslində heç nə. Elmar Hüseynovu öldürdülər, nə oldu ki? Bu ilin yazında “Yeni Müsavat”da qəşəng sual getmişdi: “Səddam Hüseyni devirən ABŞ-ın 3 jurnalisti həbsdən azad etməyə gücü çatmırmı?”
Obama dəyişiklik şüarı ilə hakimiyyətə gəldi, amma ABŞ demokratlarından Bill Klintonun “dəyişikliyini” artıq dünya görüb. Ola bilər bu dəfə “Monika” qaradərili olsun.
İnternetdə isə bir anekdot vardı: “Amerika böyük inkişaf yolu keçib. 150 il ərzində Tom dayının komasından Obamanın barakına qədər böyüyüb”.
Biz yaxşı olar öz dərdimizi çəkək və düşünək ki, nə üçün Con Makkeynə 2,24 faiz səs yazmadılar...


