Reklam verin!
HostGator
11:21 tarixində, İqbal tərəfindən, Əhəmiyyətli araşdırmalar bölməsində yazılib       Şərhlər(0)      Baxış sayı:65

Vəfa Cəfərova

Məcburi köçkünlər və didərginlər şəraitsizlikdən narazıdırlar
   
     Bərdə yaxınlığındakı Əlibəyli qəsəbəsi. Səhər saat 6-00. Günəş hələ çıxmayıb. Soyuqdan büzüşən, əllərində vedrə və bidonlar olan qadınlar hər dörd evin həyətində quraşdırılmış və ancaq səhərlər su gələn kranlar qarşısında növbəyə durublar. Yeni istismara verilmiş qaçqınlar üçün şəhərcikdə onlar çadır şəhərciklərindəki əziyyət və məişət dolu problemlərin davamını yaşayırlar. Növbədə durub soyuqdan büzüşmüş, yarıyuxulu qadınlara yaxınlaşıram.
   - Sabahınız xeyir.
   - Xeyir tapasan, ay bala. Bizim xeyrimiz Qarabağda qaldı. Ordan qovulandan bəri xeyirli heç nə olmayıb. - Bunu 48 yaşlı Ağdam qaçqını Həcər xala deyir. - Deyirdik çadır şəhərciklərindən evlərə köçərik. İnsan kimi yaşamağa başlayarıq. Burda isə səhralıqda dörd divar tikiblər, zorla bizi bura köçürdülər.
   Həcər xalanın sözlərinə görə, qonşularının çoxu bura köçmək üçün mal qarasını satıb. Bir çoxunu isə şəhərdə işlərindən ayırıb güclə bura köçürdüblər. Onlar şəhərdəki işlərini, gəlirlərini itiriblər. Söz verilən yararlı torpaq, maddi kömək və işlə isə onları təmin etməyiblər.
   
   * * *
   Azərbaycan qaçqınlarının Qarabağ və Ermənistandan məcburi köçürülməsindən artıq ikinci onillik keçir.
   1988-ci ildə Ermənistandakı soydaşlarımız hərb, hədə və ölüm qorxusu altında yaşadıqları məkanları tərk etmək zorunda qaldılar.
   Dağlıq Qarabağ və ətraf rayonların işğalı ilə bağlı olaraq evlərini tərk etmək zorunda qalanlarsa Azərbaycanda ikinci, növbəti daxili miqrasiya dalğasının yaşanmasına səbəb oldu.
   1990-cı ildə Xankəndində bütün azərbaycanlıların evləri, 250 bina yandırıldı. Və ilk məcburi köçkünlər də elə həmin binaların yiyələri oldu.
   Xankəndindən sonra növbə gəldi digər şəhər, rayon, kənd və qəsəbələrə. Həmin yaşayış məntəqələrinin sakini olan insanlar evlərini tərk etməli oldular.
   1992-ci ildə Ermənistanın silahlı birləşmələri Şuşa şəhərini və Dağlıq Qarabağı Ermənistandan ayıran Laçın rayonunu işğal edəndən sonra Dağlıq Qarabağda artıq azərbaycanlılar qalmadı.
   1989-1992-ci illərdə Dağlıq Qarabağın istisnasız olaraq, bütün azərbaycanlılar evlərini, yurdlarını ölüm təhdidiylə tərk etmək və Azərbaycanın iç bölgələrinə üz tutmaq zorunda qaldı.
   Daha sonra Dağlıq Qarabağ ətrafındakı rayonlar Ermənistanın işğalına uğradı, erməni silahlı birləşmələrinin qarşısından qaçan geri çəkilən Milli Ordu Şuşa və Laçınla bərabər, daha beş rayonu, Qubadlı, Cəbrayıl, Zəngilan, Fizuli və Ağdamı da təslim etdi.
   Bu rayonların hər birində orta hesabla 15-20 min əhali yaşayırdısa, tək Fizuli rayonunun 80 min sakini vardı.
   Dövlət Statistika Komitəsinin rəsmi məlumatlarına görə, Dağlıq Qarabağ bütünlüklə işğala uğramamışdan əvvəl burada və Dağlıq Qarabağ ətrafındakı rayonlarda 481 min azərbaycanlı yaşayıb.
   Prezident İlham Əliyev 4 fevral 2004-cü il tarixli “Azərbaycan torpaqlarının erməni silahlı qüvvələri tərəfindən işğalı nəticəsində didərgin düşmüş, Bərdə və Ağcabədi rayonları ərazisindəki çadır düşərgələrində, eləcə də Bərdə rayonu ərazisində dəmir yolu üzərindəki yük vaqonlarında müvəqqəti yerləşdirilmiş Ağdam və digər rayonlardan olan məcburi köçkünlərin sosial, mənzil-məişət vəziyyətinin yaxşılaşdırılması və məşğulluğunun təmin edilməsi tədbirləri haqqında” və 1 iyul 2004-cü il tarixli “Qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə” Dövlət Proqramının təsdiq edilməsi haqqında” sərəncamları əsasında son qaçqın çadır şəhərciklərinin də ləğv olunub qaçqınların məcburi qaçqın qəsəbələrinə köçürülməsi haqqında sərəncam birmənalı qarşılanmamışdılar. Onların əsas narazılığı məcburi köçürüldükləri qəsəbələrdə normal yaşayış üçün şəraitin və iş yerlərinin olmamağıdır.
   
   * * *
   “Müharibə qurtarandan sonra biz öz həyatımızı yenidən qurmağa başladıq, - Cəbrayıl qaçqını Seyidov Ədalət danışır.- Yeni məkanda heç kimin köməyi olmadan həyatımızı qurduq. İndi isə hökumət bizim etirazımızı nəzərə almayaraq bizi başqa yerə köçürür. Yəni 14-15 il bundan əvvəlki vəziyyət yenidən təkrarlanır”.
   “Hökumət öz vətəndaşları üçün yaşamaq üçün normal şərait yaratmağa borcludur" - bu sözləri isə qaçqınlarla bağlı məsələlərin monitorinqini keçirən “Himayədar” qeyri-hökumət təşkilatının sədri Himayət Rizvanqızı deyir. Onun sözlərinə görə, ayrılan böyük pullara baxmayaraq qaçqın qəsəbələrindəki şərait qaçqın çadır şəhərciklərindən fərqlənmir: "Apardığımız monitorinqlər göstərdi ki, qaçqınların təhsil, əməklə təmin olunma və tibbi yardım alma hüquqları təmin olunmur”.
   Rizvanqızının sözlərinə görə, şəhərciklərin çoxu Ermənistanla sərhəddə salınıb, orada yaşayan qaçqınların təhlükəsizliyinə heç kim təminat vermir.
   Bir çox qaçqınlar müharibənin dəhşətlərini yenidən yaşamaq istəmir. Fizuli qaçqını Lalə İsmayılova deyir ki, o konflikt həll olunmayana qədər oraya köçə bilməz: “Qaçqın şəhərciklərində nəqliyyatla, yollarla, qaz, su, işıq və telefon xətləri ilə problemlər var. Əgər hökumət bizə normal şərait yarada bilmirsə, qoy o zaman maneçilik də törətməsin, öz həyatımızı istədiyimiz yerdə quraq. Mən uşaqlarımın həyatını təhlükə altına qoymaq istəmirəm”.
   Beynəlxalq hüquqlar üzrə ekspert Əlövsət Allahverdiyevin fikrincə, insanları məcburən istəmədikləri yerlərə köçürmək beynəlxalq insan haqları prizmasından baxdıqda doğru deyil və bu qanun pozuntusudur: "İnsanları konflikt həll olunmayana qədər sərhəd zonalara köçürmək - kobud qanun pozuntusudur”.
   Qaçqınların və məcburi köçkünlərin işləri üzrə dövlət komitəsinin beynəlxalq əlaqələr və informasiya departamentinin direktoru Sənan Hüseynov köçkünlərin hərəkət sərbəstliyi haqda iddianı qəbul etmədiyini söyləyib.
   Məcburi köçkünlərin iqtisadi inkişaf və coğrafi cəhətdən əlverişsiz bölgələrdə məskunlaşdırılması haqda iddialara gəlincə, Sənan Hüseynov bildirir ki, "son zamanlar yeni qaçqın şəhərcikləri Füzuli və Ağdam rayonlarının bir hissəsində salınıb və bu , köçkünlərin öz arzusu ilə həyata keçirilib".
   O ki qaldı köçkünlərin təhsil almaq və sosial yaşayış baxımından ürək açmayan vəziyyət barədə iddialara Sənan Hüseynov diqqəti bir neçə fakta yönəltdi: "Onlar dövlətin hesabına ali təhsil alır və bütün kommunal xərclərdən azaddırlar.
   Bir çox beynəlxalq təşkilatlar qaçqınların üzləşdiyi problemlərlə öz hesabatlarında narahatçılıq bildiriblər. Məsələn, Amnesty İnternational (Aİ) təşkilatı Azərbaycanda didərgin düşmüşlərin diskriminasiya, ayrı-seçkilik və qeyri-müəyyən gələcəklə üzləşdiyini bildirib.
   Münaqişə ucbatından evlərini tərk etməli olmuş 600 minədək adamın hüquqlarının təminatı ilə bağlı Amnesty İnternational-ın 2006-cı ildə hesabatında narahatlıq ifadə edib.
   Hesabatda deyilir ki, hökumətin bu istiqamətdə iş görməsinə rəğmən uzun müddətdə yerdəyişmə, səhiyyə xidməti, ev və işlə təmin olunma məsələlərində haqların təminatına yönəlmiş tədbirlər qeyri-adekvatdır.
   “Bu kimi pozuntular diskriminasiya sədləri yaradır”, - deyilir “Didərgin düşərək diskriminasiya ilə üzləşmiş” adlanan hesabatda.
   Sənəddə deyilir ki, didərgin düşmüş əhali arasında yoxsulluq səviyyəsi yuxarıdır və bunun nəticəsində bu təbəqə yardımdan və imtiyazlardan daha çox asılıdır: Rəsmi rəqəmlərə görə, dövlət imtiyazları didərginlərin büdcəsində 8.5 faiz təşkil edirsə, bu sahədə orta rəqəm 0.1 faizdən aşağıdır. Didərginlər neft bumu ilə bağlı iqtisadi inkişafdan bəhrələnmək imkanından məhrumdurlar.
   "Rəsmilər ev və sosial proqramların müvəqqəti səciyyə daşıdığını müntəzəm vurğulayırlar, - deyir hesabatın müəlliflərindən olan Nikola Dukvors.-
   Bu adamlar qayıtmaq və yaxud da ölkənin istədiyi yerində qalaraq yerli mühitə daimi inteqrasiya olmaq hüququna malikdirlər.”
   * * *
   Baş nazirin müavini, Dövlət Qaçqınkomun sədri Əli Həsənovun hesabatında deyilir ki, 2004-cü ildən indiyədək Dövlət Neft Fondundan yeni qəsəbələrin salınması üçün 288 milyon manat vəsait ayrılıb. 2006-cı ildə ayrılan vəsait isə 2005-ci ilə nisbətən 2 dəfə artırılaraq 124 milyon manata çatdırılıb. Dövlət Neft Fondundan qaçqın şəhərcikləri salınması üçün vəsait ayrılmasına dair ilk dəfə Heydər Əliyev tərəfindən sərəncam imzalanmışdı. Sərəncama əsasən Neft fondundan bu məqsədlə 360 milyon manat (81 milyon ABŞ dollarına yaxın) vəsait ayrılmışdır. Rəsmi məlumatlara əsasən 2001-ci ildən indiyədək bu məqsədlə Neft Fondundan 900 milyard manatdan (200 milyon dollara yaxın) çox vəsait xərclənmişdir.
   
   * * *
   Azərbaycanla erməni işğalında olan sərhəddə qaçqınlar üçün yeni qəsəbə - Ergiləyə 2006-cı ildə qaçqınlar məcburən yerləşdirilmişdi. Ora gedən yol hətta ağır yolların dəf olunması üçün nəzərdə tutulmuş maşınlar üçün çətinlik törədir. Telefon xətti çəkilməyib. Bura düşəndə adam özünü sivilizasiyadan kənarda hiss edir.
   Qəsəbənin məktəbi 4 il əvvəl istifadəyə verilsə də, əsaslı təmirə ehtiyacı var. Tibbi mərkəzin həyəti tamamilə yabanı otlarla örtülüb. Bu binaya və həyətə baxanda insanın ağlına belə gəlməz ki, kimsə burda müalicə alır. “Ora nə elektrik, nə su çəkilməyib. Orada hətta həkim də yoxdur ,- bunu Ergilə qəsəbəsinin sakini Sədaqət Həsənova deyir. - Biz bir ildən çoxdur burada yaşayırıq və indiyə qədər heç bir tibbi yardım almamışıq. Hamilə qadınlar evlərində doğurlar. Onların ağrılarını kəsmək üçün dərmanımız yoxdur”.
   
   * * *
   Qaçqınların əsas narazılıqlarından biri də beynəlxalq təşkilatların yardımları kəsməsidir. Politoloq Arif Yunusovun dediyinə görə, qaçqınlara olan yardımlar 1999-ci ildən başlayaraq kəsilib. O vaxtacan Azərbaycanda qırxa yaxın beynəlxalq yardım təşkilatı var idi: “Dünyada belə bir praktika var. Qaçqınlara yardım maksimum üç-dörd il ərzində verilir. Ancaq Azərbaycanda bu, çox çəkdi. 1992-ci ildən 1999-cu ilə qədər - düz yeddi il. Sonra bu təşkilatların əksəriyyəti çıxıb getdi. Qaldı BMT-yə və Amerika hökumətinə yaxın təşkilatlar, bir də bir neçə Avropa təşkilatı. Onlar da yavaş-yavaş gedirlər”.
   Yunusovun söylədiyinə görə, bu gün demək olar ki, heç bir təşkilat qaçqınlara yardım etmir. Əvəzində Azərbaycan hakimiyyətinə təklif edildi ki, Neft Fondundan qaçqınlara yardım ayrılsın. “Bununla bağlı müəyyən tələblər də irəli sürüldü: qaçqın şəhərcikləri ləğv edilib əvəzində normal evlər tikilməli, hökumət özü qaçqınlara normal yardım verməlidir. Allaha şükür, Azərbaycan indi varlıdır. Hər yerdə bəyan edirlər ki, biz nəinki regionda, bütün dünyada liderik. Xaricdə də hər şeyə məntiqlə yanaşırlar. Bizim rəsmilər deyir ki, Azərbaycan regionun lideridir, ölkə sürətlə inkişaf edir, pulumuz var. Ona görə də təklif edilib ki, qaçqınlara özümüz yardım edək. Bu ancaq onunla bağlıdır” - A.Yunusov deyir.
   
   * * *
   Biləsuvar rayonunda yerləşən 5 saylı qaçqın qəsəbəsinin sakini Orucov Ədalət yaşadığı 275 nömrəli evdən çox narazıdır. Onun sözlərinə görə, yeni tikilməsinə baxmayaraq bir çox evlər kimi, onun evi də çat verib: “Otaqlar damır, tavan və divarların boyaları tamamilə saralıb, - Orucov. Döşəmələr çürük taxtadan vurulduğundan oynayır və otaqlarda sərbəst gəzmək mümkün deyil. Qapılar rənglənməyib və əyri olduğuna görə örtülmür. Pəncərələrin şüşələri bir laylı olduğuna görə qışda tərləyir və evə su verir. Pəncərənin çərçivələri çürüyüb. Bilmirəm nə daşları ilə hörülüb və necə hörülüb, amma qışda evləri qızdırmaq qeyri-mümkündür".
   Mühəndisləri və yaxud tikinti üçün elan olunmuş tenderin qalibi olan şirkəti tapa bilməsək də, qaçqın qəsəbələrinin tikintisində iştirak edən adi fəhlələrlə danışıb evlərin bu cür keyfiyyətsiz alındığının səbəblərini qismən də olsa öyrənə bildik. Sabirabadda -Zəngilan qaçqınları üçün, Fizulidə “Qayıdış” qəsəbəsinin və Bakı (Ramanıda - Şuşa qaçqınları üçün) qaçqın şəhərciklərinin tikilməsində çalışan fəhlələrin heç bir sığortası və əmək müqaviləsi olmadığı ortaya çıxdı. Onların iş təcrübəsinin olub-olmamağı əsas prioritet məsələlərdən olmayıb. Briqadirin əsas tələbi işin maksimal dərəcədə tez görülməsi olub.
   Sabirabaddakı qaçqın şəhərciyinin tikintilərində iştirak edən Sabir adlı fəhlənin söylədiyinə görə, smetaya əsasən hər binanın təməlinin salınması üçün mikserə (sementi qarışdıran maşına) 25 torba sement tökülməli olduğu halda, tikintinin əvvəlində 18, daha sonra 14, tikintinin sonuna yaxın isə 12 torba sement tökürdülər.
   Fizulidəki “Qayıdış” qəsəbəsinin tikintisində iştirak edən Əfqan adlı fəhlənin dediyinə görə isə artıq tikinti başa çatmamış evlər çat verməyə başlayırdı: “ Divarların hörgüsü zamanı iki daş yan-yana düzülür. İki daşın arasında 5 sm.- lik məsafəni sementlə doldurmaq lazımdır. Amma fəhlələr həmin yeri kağız-kuğuzla doldurub, üstdən bir az sement vururdular. Çünki o aranı sementlə doldurmaq vaxt aparırdı. Biz isə nə qədər evi tez istifadəyə versək, o qədər tez pulumuzu alacaqdıq”. Əfqanın sözlərinə görə, tikintidə nəzarətçi var idi, amma öz işini görmürdü.
   Tikintinin aparılması işləri Sosial İnkişaf fondunun nəzarəti altında olduğu üçün onlardan mövcud olan situasiyanı şərh etməyi xahiş etdik. Fondun nümayəndəsi Arif Əliyev bəzi “defektlərin” mövcudluğunu inkar etmədi. Onun sözlərinə görə tender zamanı üstünlük ən aşağı qiymətlər təklif edən şirkətə verilmişdi: “Azərbaycan həqiqətlərindən çıxış etsək, bundan artıq heç nə edə bilməzdik”.
   Qaçqınlarla imzalanan sazişə əsasən işğal altında olan torpaqların azad edilməsindən sonra və qaçqınlar öz tarixi torpaqlarına qaytarıldıqdan sonra məskunlaşdıqları qəsəbədəki binalar yenidən Komitəyə istifadəyə verildiyi vəziyyətdə geri qaytarılmalıdır: “Belə çıxır ki, əgər mənim artıq indidən yarı uçulmuş evim uçsa, mən komitə üçün yeni ev tikməliyəm?" - Sədaqət Həsənova soruşur.

 



  Yazılar cəmi: 5    Sonrakı səhifə »