Ermənistanın əsas makroiqtisadi göstəriciləri
Ermənistan Milli Statistika Xidmətinin rəsmi saytında dərc olunmuş məlumatlara əsaslanaraq deyə bilərik ki, cari ilin yanvar-aprel aylarında Ermənistanın əsas makroiqtisadi statistik göstəriciləri aşağıdakı kimidir:
1. ÜDM-in nominal həcmi, bazar qiymətləri ilə 696 milyard 104 milyon 700 min dram (cari valyuta məzənnəsi ilə 2 milyard 278 milyon dollar - yuvarlaqlaşdırdıqda) təşkil edib. Bu, keçən ilin yanvar-aprel ayları ilə müqayisədə 9,3%, cari ilin mart ayı ilə müqayisədə aprel ayında 11,9%-lik artım deməkdir. onun əhalinin hər nəfərinə düşən həcmi isə 1310.6 manat (1560.4 ABŞ dolları) təşkil etmişdir.
2. Kənd Təsərrüfatında ÜDM-in nominal həcmi 64 milyard 164 milyon 500 min dram (cari valyuta məzənnəsi ilə 210 milyon 17 min dollar - yuvarlaqlaşdırdıqda) təşkil edib. Bu, keçən ilin yanvar-aprel ayları ilə müqayisədə 1,3%, cari ilin mart ayı ilə müqayisədə apreldə 7,7%-lik artım deməkdir.
3. İstehlak qiymətləri keçən ilin yanvar-aprel ayları ilə müqayisədə 8,6%, cari ilin mart ayı ilə müqayisədə aprel ayında 1,1% artmışdır.
4. Xarici ticarət dövriyyəsinin həcmi keçən ilin yanvar-aprel ayları ilə müqayisədə 28.3%, cari ilin fevral ayı ilə müqayisədə martda 13.3% artaraq 1 milyard 531 milyon 400 min dollar təşkil etmişdir.
Xarici ticarət dövriyyəsinin 337 milyon 200 min dollarını (22%-ni) ölkədən ixrac olunmuş mallar, 1 milyard 194 milyon 200 min dollarını (78%-ni) isə ölkəyə idxal edilmiş mallar təşkil etmiş və bunun nəticəsində 857 milyon dollarlıq mənfi saldo yaranmışıdır.
5. Nominal orta əmək haqqı keçən ilin yanvar-aprel ayları ilə müqayisədə 22.3%, cari ilin mart ayı ilə müqayisədə aprel ayında 1% artaraq 85720 dram (cari valyuta məzənnəsi ilə 280 dollar) dəyərində olmuşdur.
Ermənistan Mərkəzi Bankının rəsmi saytının məlumatına görə 1 ABŞ dolları=305.52 dram.
Azərbaycanın əsas makroiqtisadi göstəriciləri
Azərbaycan Dövlət Statistika Komitəsinin rəsmi saytında dərc olunmuş məlumatlara əsaslanaraq deyə bilərik ki, cari ilin yanvar-aprel aylarında Azərbaycanın əsas makroiqtisadi statistik göstəriciləri aşağıdakı kimidir:
1. ÜDM-in nominal həcmi 11 milyard 200 milyon manat təşkil etmişdir (cari valyuta məzənnəsi ilə 13 milyard 579 milyon dollar - yuvarlaqlaşdırdıqda) təşkil edib. Bu, keçən ilin yanvar-aprel ayları ilə müqayisədə 15%-lik artım deməkdir.
2. Kənd Təsərrüfatında ÜDM-in nominal həcmi 145 milyon 600 min manat (cari valyuta məzənnəsi ilə 176 milyon 528 min dollar - yuvarlaqlaşdırdıqda) təşkil edib.
3. İstehlak qiymətləri keçən ilin yanvar-aprel ayları ilə müqayisədə 17,8%, cari ilin mart ayı ilə müqayisədə aprel ayında 3,1% artmışdır.
4. Azərbaycan Dövlət Gömrük Komitəsinin rəsmi saytında dərc olunmuş məlumata əsasən 2008-ci ilin ilk 4 ayı ərzində respublikanın 122 ölkə ilə aparılmış ticarət əməliyyatlarının həcmi 5 milyard 781 milyon 827 min ABŞ dolları olmuşdur.
Bu müddət ərzində 3 milyard 857 milyon 429 min ABŞ dolları dəyərində mal ixrac, 1 milyard 924 milyon 398 min ABŞ dolları dəyərində mal isə idxal olunmuş, ixrac-idxal əməliyyatları üzrə müsbət saldo 1 milyard 933 milyon 32 min ABŞ dolları təşkil etmişdir.
5. Nominal orta əmək haqqı keçən ilin yanvar-aprel ayları ilə müqayisədə 26,5%, cari ilin mart ayı ilə müqayisədə aprel ayında 3,7 % artaraq 238 manata (cari valyuta məzənnəsi ilə 288 dollar) dəyərində olmuşdur.
Azərbaycan Milli Bankının rəsmi saytının məlumatına görə 1 dollar=0,8248 manat
TƏHLİL
İndi isə gəlin Ermənistan və Azərbaycanın makroiqtisadi göstəricilərini ayrı-ayrılıqda təhlil edək.
İki ölkənin Ümumi Daxili Məhsulunun həcminə nəzər yetirdikdə aydın olur ki, Azərbaycanın ÜDM-i Ermənistanın ÜDM-indən 10 dəfə böyükdür. Amma əgər nəzərə alsaq ki, ÜDM-imizin böyük əksəriyyəti neft sektorunda formalaşır, onda belə “müsbət nəticəyə” nail olmağımızın səbəbi də aydın olar. Belə ki, dünya bazarında neftin qiymətinin durmadan artması Azərbaycanın ÜDM-nin dəyər (pul) ifadəsində şişməsinə səbəb olur.
Azərbaycanın ÜDM-indəki kənd təsərrüfatının payının Ermənistanın ÜDM-indəki kənd təsərrüfatının payından 1.2 dəfə kiçik olması da Ermənistanı “qabaqlamağımıza” aydınlıq gətirməklə yanaşı, ölkəmizdə qeyri-neft sektorunun da bərbad vəziyyətdə olmasını bir daha sübut edir.
İnflyasiyaya gəldikdə isə burda da Ermənistandan “öncülük”. Belə ki, Azərbaycanda qiymətlərin səviyyəsi Ermənistanla müqayisədə cari ilin yanvar-aprel aylarında 2 dəfə, cari ilin mart ayı ilə müqayisədə aprel ayında isə 3 dəfə yüksək olmuşdur.
Ermənistanla Azərbaycanın xarici ticarətindəki vəziyyətə diqqətimizi yönəltsək görərik ki, bu ilin dörd ayını Ermənistan mənfi, Azərbaycan isə müsbət saldo ilə yekunlaşdırıb. Bəs biz müsbət saldoya necə nail olduq. Bunun iki səbəbi var:
1. Neftin dünya bazarında qiymətinin yüksəlməsi ixracının əsas hissəsini neft və neft məhsulları təşkil edən ölkəmizin dəyər ifadəsində daha çox mal ixrac etməsinə gətirib çıxardı ki, bu da son nəticədə müsbət saldonun yaranmasına səbəb oldu.
2. Xarici ticarətdə gizli dövriyyənin olması. Yəni, idxal olunan malların bir hissəsi həcminin və ya dəyərinin azaldılması sayəsində qeydiyyatdan kənarda qalır və bu da ixracın idxaldan çox olması görüntüsünü yaradır.
Bütün bunlar o deməkdir ki, əgər Azərbaycanda neftsiz xaric ticarət dövriyyəsi hesablansa, yəni nefti çıxsaq, vəziyyətin nə yerdə olduğu tam çılpaqlığı ilə özünü göstərəcək.
Dörd ayın yekunlarına görə Azərbaycanın ixracatında neft sektorunun çəkisi 88% təşkil edib (3 milyard 394 milyon 538 min dollarlıq). İndi gəlin təsəvvür edək ki, bizim neftimiz yoxdur. Bu zaman bəlli olur ki, cari ilin dörd ayında cəmi 462 milyon 891 min dollarlıq qeyri-neft məhsulu ixrac edilib, bundan 4 dəfə çox (1 milyard 924 milyon 398 min dollarlıq) məhsul idxal edilib və bunun nəticəsində ölkənin xarici ticarət saldosu mənfi 1 milyard 461 milyon 507 min dollar təşkil edib. Gördüyünüz kimi Azərbaycanın mənfi saldosu (neft sektoru istisna olduqda) Ermənistanın mənfi saldosundan 1.7 dəfə artıqdır.
Əməkhaqqına gəldikdə isə deyə bilərsiniz ki, biz ermənilərdən 8 dollar artıq əmək haqqı alır. Lakin bizim əmək haqqımız bu zahiri artım pərdəsi altında həqiqətdə əksilmişdir, çünki bu artım həmin müddət ərzində zəruri yaşayış vasitələrinin hətta artmış olan qiymətini də ödəmir. Yəni, bizim aldığımız əmək haqqı nominal əmək haqqıdır. Bayaq demişdik ki, Azərbaycanda inflyasiya Ermənistanla müqayisədə 2 dəfə artıqdır. Bu o deməkdir ki, bizim real əmək haqqımız ermənilərinkindən 2 dəfə azdır.
Gənc iqtisadçı: Ramil Rahiboğlu
