Reklam verin!
11:21 tarixində, İqbal tərəfindən, Xəbərlər bölməsində yazılib       Şərhlər(0)      Baxış sayı:31

Əksəriyyət ölkələrin birliyini təmin edən Cənubi Amerika Millətlərinin Birliyi (The Union of South American Nations) asta-asta utopik layihədən real alyansa çevrilir. 2008-ci ilin may ayının sonunda birliyə üzv dövlətələrin prezidentlərinin görüşündə tərəflər bütün ciddiliklə vahid valyutanın dövriyyə buraxılması, Mərkəzi Bankların birləşdirilməsi və ümumi parlamentin yaradılması barədə müzakirə aparıblar.

Cənubi Amerika Dövlətlərinin rəhbərləri ilk dəfə 9 dekabr 2004-cü ildə daha yaxından əməkdaşlıq etmək və Cənubi Amerika Millətlərinin iqtisadi, siyasi birliyinin yaradılması məqsədilə Kusko sazişini (Cuzco Declaration) imzaladılar. Hələ o zaman onlar vahid valyutanın, ümumi bazarın və parlamentin yaradılması barədə danışıq aparmışdılar. Halbuki dörd il əvvəl belə bəyanatlar sırf deklarasiya kimi qəbul olunurdu. Belə ki, ölkələrin hansı prinsiplər əsasında alyans qurmağı planlaşdırması qeyri-müəyyən idi.

Məlum olan o idi ki, Cənubi Amerika ölkələrinin birləşdirilməsi üçün Avropa təcrübəsinə istinad olunacaq – Avropa Birliyi 1999-cu ildə dövriyyəyə vahid valyuta buraxdı və 2004-cü ildə Şimali Avropa ölkələri hesabına genişləndi. Tarixdə müxtəlif mədəniyyətlərə, adət-ənənələrə, dillərə sahib əksəriyyət xalqların öz dövlətlərinin suverenliyini qorumaq şərtilə ağrısız birləşməsinin başqa nümunəsini tapmaq müşküldür.

Cənubi Amerika Millətlərinin Birliyinə (The Union of South American Nations və ya UNASUR) üzv olan ölkələr bunlardır: Argentina, Boliviya, Braziliya, Venesuella, Kolumbiya, Qayana, Paraqvay, Peru, Surinam, Uruqvay, Çili, Ekvador. Rəsmi dillər ingilis, ispan, portuqal və holland dilləri hesab olunur.

Məlumdur ki, Avropa Birliyinin yaradılmasında əsas məqsəd Vahid Avropanın iqtisadiyyatının dünya bazarında rəqabətqabiliyyətliyinin artırılması idi.

Cənubi Amerika ölkələri də birləşməklə bu məqsədi güdürlər. Lakin onlar üçün birinci dərəcəli məsələ əsas ticarət tərəfdaşı olan ABŞ-a münasibətdə eyni mövqedən çıxış etməkdir.

Bundan əlavə bu ölkələr 2006-cı ilin noyabrında vizanın ləğvi haqda razılaşmanı imzaladılar və bununla da Avropa Birliyində olduğu kimi vətəndaşların sərbəst hərəkətini təmin etdilər.

Halbuki bütün bunlar vahid iqtisadi məkanın yaradılmasına hazırlıq kimi qiymətləndirilməlidir. 2007-ci ildə birlik dövlətləri Beynəlxalq Valyuta Fondunun analoqunun yaradılması haqda razılığa gəldilər.

23 may 2008-ci ildə 12 dövlət tərəfindən imzalanmış razılaşmada deyilir ki, Cənubi Amerika Dövlətlərinin birliyinin yaradılması təkcə iqtisadi deyil, həm də sosial, siyasi və mədəni sferalarda olacaq. Ölkələr müstəqil olaraq ümumi problemləri vahid parlamentdə - Boliviyada yaradılması nəzərdə tutulur - müzakirə edəcəklər. Birliyin mərkəzi ofisi Ekvadorda, vahid bankı isə Kolumbiyada yerləşəcək.

Dollara rəqib ola biləcək vahid valyutanın yaxın zamanda yaradılmasına gəldikdə isə bu bir az şübhəli görünür. Çünki Cənubi Amerika valyutaları öz dayanıqlığına görə bir-birindən demək olar ki, fərqlənmir. Dünyada müəyyən qədər çəkiyə malik olanı isə braziliya realıdır. Bu onunla bağlıdır ki, Braziliya iqtisadiyyatı Cənubi Amerikada ən böyükdür. Buna görə də belə güman etmək olar ki, yeni valyuta məhz realın ətrafında qurulacaq.

Son illər, tez-tez dünyanın müxtəlif tərəflərində valyutaların birləşməsi barədə səs-soraqlar gəlir. Bu hallara avronun dövriyyəyə buraxılması və onun dünya bazarında uğur qazanmasından sonra daha çox təsadüf olunur – artıq 2008-ci ilin əvvəlində avropa valyutası 1.6 dollara alınır.

Digər ölkələrə nisbətən yeni valyutanın yaradılmasına daha yaxın Fars Körfəzi ölkələridir. Onlar 2010-cu ilə kimi özlərinin vahid pulunu dövriyyəyə buraxmaq fikrindədirlər. Bunu etmək çox asandır – demək olar ki, Fars Körfəzi ölkələrinin bütün valyutaları dollara bağlıdır, Küveytin, Səudiyyə Ərəbistanının, Bəhreynin, Qatarın, Birləşmiş Ərəb Əmirliklərinın, Omanın iqtisadiyyatları isə bir çox ümumi xüsusiyyətlərə malikdirlər. Bütün bu ölkələr neft ixracından asılıdırlar, buna görə də yaradılacaq yeni valyutanın faktiki məzənnəsinin dəyişməsi birbaşa dünya bazarında neftin qiymətindən asılı olacaq.

Afikanın cənubunda da yeni valyutanın müzakirəsi artıq onilliklərdir ki, davam edir. Hələlik, belə hesab olunur ki, “afro”nun dövriyyəyə buraxılması 2016-cı ildə gerçəkləşəcək və bu valyuta ilə CAR-da, Botsvanada, Lesotada, Svazilenddə, Namibiyada, Zimbabvedə, Anqolada, Mozambikdə, Malavidə, Tanzaniyada, Zambiyada, Mavrikidə, Seyşel adalarında və Konqo Demokratik Respublikasında hesablaşma aparmaq mümkün olacaq. Lakin Zimbabvedə inflyasiyanın illik 165 min faizə çatması “afro”nun taleyini də sual altında qoyur. Buna görə də çətin ki, hansısa ölkə öz valyutasını Zimbabve dolları ilə birləşdirmək fikrinə düşsün.

Bundan başqa, Yeni Zellandiya və Avstraliya vətəndaşlarının da tezliklə vahid valyutadan yararlanacağı barədə xarici KİV-də məlumatlar gedir. Eyni sözü rus rublunun Belarusiyada dövriyyəyə buraxılması haqda da demək olar.

Hadisələrin bu cür inkişafı amerika və kanada dollarlarının da birləşməsini labüd edir. Bu ideyanın tərəfdarları qeyd edirlər ki, Kanada iqtisadiyyatı bir çox şeylərdə ABŞ-dan asılıdır, elə iki ölkənin valyuta kursları da praktiki olaraq eynidir.

Bir sözlə, yeni valyuta yaratmaq – təkcə iqtisadi deyil, həm də siyasi qərardır.





Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha