30 sentyabarda başa çatacaq 2008-ci maliyyə ilinin, ilk yeddi ayının nəticələrinə görə, ABŞ-ın büdcə kəsiri keçən ilin eyni dövrü ilə müqayisədə 88% artaraq 152.2 milyard dollara çatmışdır. Büdcənin aprel profisitinin 159,3 milyard dollar təşkil etməsinə baxmayaraq, büdcə kəsiri bu dərəcədə artıb. Konqresin proqnozlarına görə bu maliyyə ilinin sonuna kimi büdcə kəsiri 410 milyard dollar təşkil edə bilər.
Xatırladaq ki, 2007-ci ilin yeddi ayının göstəricilərinə görə isə Amerika büdcəsinin kəsiri 80.8 milyard dollar təşkil etmişdi.
ABŞ maliyyə nazirliyinin məlumatına görə maliyyə ilinin ilk yeddi ayında ABŞ büdcəsinə daxilolmalar 1 trilyon 550 milyard dollar təşkil etmiş, hansı ki, bu 2007-ci ilin müvafiq dövrü ilə müqayisədə 3% çoxdur. Lakin hökümət xərcləmələri 7.4% artaraq 1 trilyon 700 milyard dollar təşkil etmişdir.
Buna baxmayaraq, amerika Maliyyə Nazirliyi büdcənin 159.3 milyard dollarlıq aprel profisiti barədə xəbər verdi. Keçən ilin müvafiq dövründə profisit 177.7 milyard dollar təşkil etmişdir. Qeyd edək ki, ABŞ büdcəsi üçün aprel ənənəvi gəlirli ay sayılır – məhz bu müddətdə vergi daxilolmaları artır.
Yadınıza salaq ki, 2008 maliyyə ilinin ilk altı ayında dövlət məxarici dövlət mədaxilini 311 milyard dollar üstələyərək 2006-cı ilin rekordunu – 302 milyard dollar – təzələmişdir.
Dövlət məxaricləri 2007-ci ilin sonu və 2008-ci ilin əvvəlində sürətlə artmışdır. Buna ipoteka və maliyyə böhranı, həmçinin iqtisadi artım templərinin aşağı düşməsi səbəb olmuşdur.
Bundan başqa, ABŞ-da vətəndaşlara yardım proqramı fəaliyyət göstərir, hansı ki, tənha adamlara 600 dollar, evlənənlərə isə 1200 dollar həcmində verginin geri qaytarılmasını nəzərdə tutur.
