SAYTIMIZIN YENİ ÜNVANI
http://www.biznes.qaynar.info/
İqtisadi İnformasiya Agentliyi
Vüqar Bayramov bildirib ki, manatın məzənnəsinin düşməsi prosesi sürətlənə bilər
Son günlər ABŞ dollarının məzənnəsinin qalxması, əhalinin dollara olan inamının artması yerli valyutanın möhkəmliyini qoruyub saxlayacağına şübhə yaradır. Ekspertlərin qənaətincə, dolların məzənnəsinin möhkəmlənməsi neftin qiymətinin düşməsi ilə əlaqədardır. Güman olunur ki, hazırda əhali yerli manata yox, məhz dollara etibar edir.
Əhali ilə yanaşı ölkədə fəaliyyət göstərən kommersiya bankları da hesablarını ABŞ dolları ilə aparırlar. Dolların kursunun qalxması manata təsir göstərir və bu da gələcəkdə mənfi fəsadlar törədə bilər. İqtisadçı ekspert Vüqar Bayramovun bildirdiyinə görə, manatın məzənnəsinin düşməsi birbaşa avronun dollara nisbətən məzənnəsini itirib. Azərbaycanda dollara inamın artmasının xarici və daxili faktorlarla bağlı olduğunu deyən V.Bayramov hesab edir ki, bütövlükdə qlobal arenada dollar möhkəmlənir: "Neftin qiymətinin aşağı düşməsi ABŞ valyutasının məzənnəsinin möhkəmlənməsinə imkan verir. Neftin qiymətinin düşməsi dollar kütləsinin azalmasına gətirib çıxarır. Əvvəllər Dövlət Neft Fondunun gündəlik gəliri 50 milyon dollar idisə, bu, indi iki dəfəyə qədər aşağı düşüb. Praktik olaraq "qara qızıl"ın qiymətinin enməsi ölkəyə daxil olan dollar kütləsinin sayını azaltdığından, bu, manatın kütləsinin artmasına səbəb olur. Əvvəllər Milli Bank müəyyən tədbirlər görərək dolların möhkəmlənməsinin qarşısını almağa çalışırdısa, bu gün belə tədbirlərin həyata keçirilməsinə ehtiyac qalmır". Kommersiya banklarında müşahidə olunan problemin əhali arasında manata inamın azalmasına gətirib çıxardığını vurğulayan iqtisadçı deyib ki, əhali son aylar yığımlarını əsasən dollarla aparıb: "Son üç ildə əhali əmanətlərini banklara manatla qoymağa üstünlük verirdisə, bu gün əks-proses baş verir. Praktik olaraq da kommersiya bankları dollara yuxarı faiz, manata isə aşağı faiz tətbiq etmirlər. Çünki dollar möhkəmləndiyinə görə yuxarı faiz tətbiq etmək mümkün deyil. Eyni zamanda kommersiya bankları üçün əsas problem ondan ibarətdir ki, qlobal maliyyə böhranı nəticəsində bu bankların xaricdən aldığı borcların məbləği üç dəfə artıb. Həmin borcların da çox hissəsinin qısamüddətli olması çətinlik yaradır. Banklar borcları qaytarmaq zorundadırlar. Milli Bankın faiz dərəcələrini 15 faizdən 13-ə, sonra isə 10 faizə endirməsi də problemləri həll etmədi. Kommersiya banklarının strukturunda nağd vəsaitlərin həcminin cəmi 4 faizdir. Onların formalaşan aktivlərinin 70 faizindən artığı məhz kreditlərin verilməsi sayəsində əldə olunan gəlirlədir". Hazırda kreditlərin verilməsində yaşanan problemlərin kommersiya banklarının öz funksiyasını yerinə yetirə bilməməsinə gətirib çıxardığını deyən ekspert bunun əhəlinin bank sektoruna olan münasibətinə təsir göstərdiyini də diqqətə çatdırıb: "Digər tərəfdən, kommersiya bankları xaricdən dollarla borclanmaya getdiklərinə görə manatı dollara çevirirlər. Valyutadəyişmə məntəqələrində avqust ayından başlayaraq dolların alqı-satqısı prosesi genişlənib". V.Bayramovun bildirdiyinə görə, manatın məzənnəsinin düşməsi prosesi sürətlənə bilər: "Neftin qiymətinin aşağı düşməsi ölkəyə daxilolmaların həcmini azaldır. Hazırda tikinti sektorunda problemlər yaşanır, durğunluq müşahidə olunur. Tikinti şirkətləri kredit verilməsi məhdudlaşdırıldığı üçün fəaliyyətlərini dayandırıblar. Narahatçılıq ondan ibarətdir ki, neftin qiymətinin düşməsi qeyri-neft sektoruna da güclü təsir göstərir. Bütün sadalanan hallarla əlaqədar da manatın məzənnəsinin düşməsi prosesi baş alıb gedir. Proqnoz vermək olar ki, dolların kursunun möhkəmlənməsi ən azı gələn ilin ortalarına kimi davam edəcək. Güman olunur ki, ABŞ-ın siyasətinin bir hissəsi də öz valyutasının dünya ölkələrində möhkəmlənməsi ilə bağlı olacaq. ABŞ-da demokratiklərin hakimiyyətə gəlməsi və neftin qiymətinin durmadan enməsi belə proqnoz verməyə imkan yaradır".
Dünyada liberalizm dönəmi sona çatır?!
"20-lər"in qlobal maliyyə böhranından çıxmaq üçün idarə edilən iqtisadiyyat modelinə keçməyə meyl göstərməsi belə düşünməyə əsas verir
Beynəlxalq ictimaiyyət narahatlıq içərisindədir. Belə ki, indi hər kəsi dünyanı bürüməkdə olan qlobal maliyyə böhranın mümkün nəticələri ciddi şəkildə maraqlandırır. Hər halda bu qlobal böhranın bəşəriyyət üçün heç də yaxşı gələcək vəd etmədiyini anlamaq o qədər də çətin deyil. Xüsusilə də, son vaxtlar həmin maliyyə böhranın dünyanın nəhəng və nüfuzlu banklarını bir-birinin ardınca iflas təhlükəsiylə üzləşdirməsi yaxınlaşan fəlakətin əhatə dairəsini elə əvvəlcədən təxmin etməyə tamamilə imkan verir.
Hətta bəzi nəhəng şirkətlər belə, artıq iflas təhlükəsinin addım-addım yaxınlaşmasından ciddi narahatlıq keçirtdiklərini açıq-aşkar biruzə verməyə başlayıblar. Bu baxımdan, hazırda qlobal maliyyə böhranının aradan qaldırılmasının mümkün yollarının araşdırılmasıyla bağlı cəhdlərin intensivləşməsi qətiyyən gözlənilməz deyil.
Əksinə, bəzi Qərb ekspertləri bu məsələdə ləng fəaliyyət göstərilməsindən narahat olduqlarını xüsusi olaraq vurğulamağa başlayıblar. Onların fikrincə, beynəlxalq siyasi iradə mərkəzləri yaxınlaşmaqda olan fəlakətin qarşısının alınmasında çevik addımların atılmasıyla diqqəti çəkmirlər. Əksinə, həmin iradə mərkəzləri əksər hallarda, tərəddüdlü mövqe tutmaqla hər kəsi təəccübləndirməyi bacarırlar. Onların gözləmə mövqeyisə, qlobal maliyyə böhranının daha da dərinləşməsinə və öz əhatə dairəsini genişləndirməsinə münbit qərait yaradır. Halbuki buna yol vermək qətiyyən olmaz. Ən azından ona görə ki, dünyanın maliyyə sektorunda cərəyan edən dağıdıcı proseslərə seyrçi qalınması son nəticədə bütün bəşəriyyəti kataklizmlərə doğru sürükləyə bilər.
Məsələ ondadır ki, Qərb ekspertləri bəzi nüfuzlu dünya dövlətlərini qlobal maliyyə böhranına münasibətdə ikibaşlı mövqe tutmaqda suçlayırlar. Onların fikrincə, bəzi nüfuzlu dövlətlər nədənsə, bu böhranın onlardan yan keçə biləcəyinə ümid bəslədiklərini sezdirməyə başlayıblar. Halbuki dünya iqtisadiyyatı və beynəlxalq maliyyə sektoru əslində, vahid mexanizm kimi fəaliyyət göstərməkdədir. Ona görə də, bu sektorun hər hansı sahəsində baş qaldıran problemin qarşısı vaxtında alınmazsa, istər-istəməz zəncirvari prosesə çevrilməklə çox qısa zaman içərisində bütün beynəlxalq iqtisadi məkana yayılaraq öz mənfi təsirini göstərə bilər. Yəni, mexanizmin bir vintində yaranmış nasazlığın tez və ya gec onun fəaliyyətinin tamamilə pozulmasına səbəb ola biləcəyi qətiyyən şübhə doğurmur.
Ancaq Qərb ekspertləri qlobal maliyyə böhranından özəl maraqlar çərçivəsində yararlanmaq istəyinlərin mövcudluğunu da xüsusi olaraq vurğulayırlar. Onların əmindirlər ki, bu maliyyə böhranı dünyanın idarə edilməsində əsas söz sahibi olan bəzi iradə mərkəzləri tərəfindən əvvəlcədən hesablanmış və planlaşdırılmış bir prosesdir. Bu planın müəllifləri dünyada qlobal maliyyə böhranı yaratmaqla bəzi rəqiblərinin mövqelərini sarsıtmaq məqsədi güdürlər. Əsas hədəfsə, həmin rəqiblərin, ümumiyyətlə, sıradan çıxarılmasından ibarətdir. Bu isə, bütün bəşəriyyətin planlı şəkildə fəlakətə doğru sürüklənməsi anlamına gəlir.
Məsələ ondadır ki, qlobal maliyyə böhranının başlandığı ilk dövrlər bunun əvvəlcədən planlaşdırılmış proses olduğunu ehtimal etməyə tamamilə əsas verir. Belə ki, hər şey Cənubi Qafqaz regionunda yaranmış hərbi-siyasi böhrandan sonra başlandı. Hər halda, Cənubi Qafqaz böhranına qədər indi cərəyan edən proseslərin heç əlaməti belə, nəzərə çarpmırdı. Üstəlik, həmin vaxtlarda kimsə, dünyanı belə bir təhlükənin gözlədiyini iddia etsəydi, heç kəs ona inanmazdı. Əksinə, belə iddiaların müəlliflərini dinləməkdən daha çox qınamağa üstünlük verərdilər.
Ancaq bəzi superdövlətlər arasındakı amansız rəqabət son nəticədə indiki situasiyanın ortaya çıxmasına münbit şərait yaratdı. Bəzi Qərb ekspertləri hesab edirlər ki, bu böhranın əsas hədəfi məhz dünyanın neft bazarlarına ən çox "qara qızıl" ixrac edən dövlətlərdir. Əsas məqsəd son vaxtlar həddindən artıq varlanmış həmin dövlətlərin yenidən müflis edilərək idarə oluna biləcək vəziyyətə salınmasına nail olmaqdan ibarətdir. Bu baxımdan, bəşəriyyətin hansısa nəhəng iradə mərkəzlərinin oyunları nəticəsində fəlakətə tuş gətirildiyini də düşünmək olar.
Onu da qeyd etmək lazımdır ki, dünyada buna bənzər qlobal maliyyə böhranı artıq bir dəfə baş verib. Belə ki, ötən əsrin 30-cu illərində də təxminən oxşar maliyyə böhranı baş qaldırmışdı. Nəticədə saysız-hesabsız nəhəng banklar və şirkətlər iflasa uğramışdı. Bunun ardıncasa, ərzaq böhranı baş qaldırmışdı. Və milyonlarla insan aclığın, səfalətin qurbanına çevrilmişdi. İndi də, yaşanmaqda olan böhranın təxminən oxşar ssenari üzrə inkişaf etdiyi müşahidə olunmaqdadır. Deməli, budəfəki fəlakətin əhatə dairəsinin ötən əsrin 30-cu illərində olduğundan geri qalmayacağını və hətta onu bir neçə dəfə üstələyə biləcəyini düşünmək qətiyyən yersiz görünməməlidir.
Maraqlıdır ki, Qərb ekspertləri qlobal maliyyə böhranın müəlliflərinin hesablamalarının özünü doğrultmadığını da xüsusi olaraq vurğulayırlar. Onların fikrincə, ssenarini düzüb-qoşanlar əsasən, hədəfə aldıqları dövlətlərin ziyana düşəcəyini proqnozlaşdırsalar da, indi qlobal maliyyə böhranı fərqli keyfiyyət və istiqamətlər almağa başlayıb. Ən pisi də ondan ibarətdir ki, bu proses artıq nəzarətdən çıxmaq üzrədir. Ona görə də, qlobal maliyyə böhranı yalnız hədəf dövlətləri deyil, ümumiyyətlə, bütün dünya iqtisadiyyatını təhdid edir. Bu isə, o deməkdir ki, qlobal maliyyə böhranının qarşısını almaq üçün irili-xırdalı bütün dünya dövlətlərinin vahid mövqedən çıxış etməsi qaçılmazdır.
Deyəsən, artıq bu reallığı artıq anlamağa başlayıblar. Hər halda, dünyanın 20 nüfuzlu dövlətinin liderlərinin ABŞ-a toplaşaraq qlobal maliyyə böhranından mümkün çıxış yollarını araşdırmağa çalışmaları belə düşünməyə tamamilə əsas verir. Düzdür, həmin toplantıda dünya nəhəngləri mövcud böhrandan qısa zaman içərisində çıxmaq imkanı verə biləcək konkret variantlar tapa bilməyiblər. Və bu istiqamətdə araşdırmaların davam etdirilməsi üçün mütəmadi şəkildə toplanmaq haqqında razılığa gəliblər.
Ancaq həmin toplantıda dünyanın siyasi-iqtisadi düzəninin dəyişdirilməsinə yol aça biləcək ümumi anlaşmanın əldə olunması da qətiyyən diqqətdən yayınmayıb. Belə ki, "20-lər" kapitalizm və idarə olunan iqtisadiyyat arasında prinsipial seçim etməklə bağlı ümumi razılığa gələ biliblər. Həmin razılaşmanın reallaşdırılacağı təqdirdə, indiyə qədər dünyada hökm sürən liberal iqtisadiyyat anlayışı arxa plana keçə bilər. Əvəzindəsə, idarə edilən iqtisadiyyat modelinin önə çıxa biləcəyi qətiyyən şübhə doğurmur. Bu halda, hətta öz maliyyə dövriyyəsinə görə ərazisində fəaliyyət göstərdikləri dövlətlərdən belə, qüdrətli görünən nəhəng bank və şirkətlərə həm yerli, həm də beynəlxalq nəzarət mexanizmləri formalaşdırıla bilər. Belə olacağı təqdirdə, dünyada liberalizm dönəminin sona çatmasından danışmaq lazım gələcək.
Yaxud iqtisadiyyatı öyrənmək istəyənlərə məsləhət
Zamin HACI
Düz beş il İqtisadiyyat İnstitutunda oxumağımın mənə cəmi iki dənə xeyri dəydi. Biri o idi ki, əsgərliyimi ali savadı olmayanlara nisbətdə 6 ay az çəkdim. Bu 6 ay yetərincə böyük müddətdir, nəzərə alın ki, bizim hərbi hissənin ərazisində, Murov dağlarında az qala hər yerə, yanılmıramsa Məmməd Arazın söylədiyi müdrik fikir həkk olunmuşdu: “Murovdağ əsgərinin bir günü bir ömrə bərabərdir”. Təşəkkürlər, “Narxoz”, sənin hesabına 180 ömür irəli düşdüm...
İkinci xeyrim isə bu oldu: İqtisadiyyat İnstitutu mənə başa saldı ki, elmlər cərgəsində... iqtisadiyyat adında bir elm yoxdur. Tam ciddi sözümdür. İstənilən iqtisadçı ekspertlə mübahisəyə girərəm, sübut edərəm ki, iqtisadiyyat elmi adına öyrədilən hər şey tam cəfəngiyyatdır. Elə son qlobal iqtisadi böhran bunun yekə sübutudur. İqtisadiyyat üzrə Nobel mükafatını adətən ABŞ “alimləri” alıblar. Bəs indi həmin alimciklər niyə fərli çıxış yolları göstərə bilmir? Fikrimcə, yeganə faydalı iqtisadçı peşəsi mühasiblikdir. Gəlir-çıxarı hesablayan. Bunu da 6 aylıq kurslarla öyrənmək mümkündür, ta 4-5 il avaralanmağın, magistratura oxumağın, nə bilim, doktor olmağın bir qəpiklik mənası yoxdur. Xoşladığım ingilis yumoru özünü iqtisadçı adlandırıb yekəxana dolaşanlara dəqiq qiymət verir. Mübahisə düşür ki, hansı peşə daha qədimdir. Həkim deyir: “Cərrahlıq ən qədimdir. Axı Allah Adəmin qabırğasından Həvvanı düzəldib”. Mühəndis deyir: “Ən qədim peşə mühəndislikdir. Əvvəl Xaos vardı, Allah ondan nizamı - Kosmosu qurdu”. İqtisadçı bic-bic qımışır: “Soruşmaq ayıb olmasın, bəs sizcə Xaosu kim yaratmışdı?”
Başqa maraqlı, bir qədər də məzəli müşahidəmi sizinlə bölüşmək istərdim.
Barak Obama ABŞ prezidenti seçiləndən sonra adamın haqqında dünya mətbuatında ən ağlagəlməz fərziyyələr, söhbətlər, sarsaq açıqlamalar çıxır. Bir deyir ki, Obamanın əsli bədəvi ərəbdir, başqası hətta türk kökündən gəldiyini yazır. Şübhə etmirəm, bu minvalla bir gün Obamanın Culfanın Qazançı kəndində doğulduğunu, Rəsul Quliyevin qohumu olduğunu da qəzetdən oxuya bilərik. (Yeri gəlmişkən, ötən yazılarımdan birində bu gözəl obamızın Şərurda yerləşdiyini yanlış olaraq qeyd etmişdim. Səhvi tutub, nəzərimə çatdıran diqqətli oxuculara təşəkkür edir, üzrxahlığımı bildirirəm).
Son həftələr isə Barak Obama haqda, fikrimcə, ən gülünc xəbər dünya mediasında yayılıb. Yazırlar ki, ABŞ prezidentini mühafizə edən məxfi xidmət radiodanışıqlarda prezidentin adını təhlükəsizlik baxımından çəkə bilməz, o üzdən Obamaya “Reneqat” kod adı verilibdir. Necə deyərlər, bu “Qurdlar vadisi” başları xarab eləyib... Ay qardaşlar və bacılar, o nə kod adıdır ki, onu artıq hamı bilir?! Pah, guya məxfi xidmət agenti ratsiyada “Reneqat saat 4-də Nyu Yorkda olmalıdır” deyəcək, bin Ladenin uşaqları da söhbəti qanmayacaq... Hələ bu cəhənnəmə, “reneqat” sözünün mənası, anlamı üzərində gəzişmələr edib uzaqgörən nəticələr çıxarılır. Ay nə bilim bu söz satqın, dönük deməkdir, Obama müsəlmanlıqdan çıxdığı üçün “Reneqat” adı qoyulub və sairə. Məzəniz olsun.
Gərək mister Obamaya məktub yazaq, kod adını dəyişsin. Elə ən yaxşısı “Obama”dır. Pis-pis qüvvələr düşünər ki, prezident belə ağılsızlıq eləməz...
Devalvasiya kimə sərfəlidir? Bunda xammal ixracatçıları maraqlıdır – belə ki, onlar öz valyuta gəlirlərinə görə daha çox manat əldə edəcəklər. Devalvasiya yerli məhsul istehsalçılarına da sərfəlidir – belə ki, idxal bahalaşır və buna görə də yerli məhsul istehsalçılarının daxili bazarda rəqabətə davamlılığı artır.
Devalvasiya kimə sərfəli deyil? İdxalatçılara – çünki onların malı sürətlə bahalaşır. Bundan başqa, borcu valyutayla, gəliri isə manatla olan kompaniyalar da devalvasiyadan ziyan çəkir.
Əziz iqtisadçılar, gəlin müzakirə edək – bizə devalvasiya lazımdır, yoxsa revalvasiya?
Venesuela və Türkmənistanda camaat 1 dollara bak doldurur
Samir SARI
Neftin qiyməti düşməyə başlayandan, fikir verirəm, o biri ölkələrdə böylə bir demaqoqluq müşahidə olunur: qəzet-jurnallar, radio-televiziyalar hey benzinin və sair neft məsullarının camaata ucuz satılmalı olduğundan yazır, danışırlar.
Konkret olaraq, 3-4 gün əvvəl TRT-nin müxbirləri müvafiq sualla benzinçilərin atasına od vurmuşdular. Araya bu ölkənin yanacaq-energetika işlərinə baxan bakan da girdi və öz aləmində xalqa izahat verdi. Amma bilmək olmadı ki, neftin barrelini (yəni 158 litrini, bizim kəndçilərin meyarı ilə götürsək, “boçka yarım”ını) 1 ay əvvəl 150 dollara alan ölkə indi onu 50 dollara alırsa, nədən satanda köhnə qiymətə satır? Bəs aradakı 100 dollarlıq fərq, qazanc kimin cibinə gedir?
Doğrusu, gözlənilirdi ki, bu mövzu bizdə də aktuallaşacaq. Bəzi telekanallarda yüngül qımıldanmalar gedir, qəzetlərdə yazılar dənzərirdi. Amma sual yoğunlayıb o həddə çatmadı.
Srağagün axşam isə Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev baltanın lap kökündən vurdu: “Bizdə neft məsullarının qiyməti dünya ölkələrində olduğundan aşağıdır”.
Bu isə dolayısı ilə o deməkdir ki, çox danışmayın, benzinin, dizel yanacağının qiymətini nəinki aşağı salarıq, hətta artırarıq, qalarsınız çığıra-çığıra.
Kim nə deyir, desin, belə bir iş doğrudan da baş verə bilər. Çünki dünya birjalarında neftin başına gələn oyunlarla bağlı hökumətimizin əli xeyli aşağı düşüb və bu pullar bir yerdən çıxarılmalıdır. Qorxasan, birjalara gücü çatmayan hökumət acığını və zərərini camaatın cibindən çıxarsın.
Bəs Rövnəq Abdullayev düz deyirmi? Bəlkə həqiqətən də bizdə neft məhsulları dünya ölkələrinə nisbətən ucuzdur?
Uzağa getməyək, elə “qonşu” Venesuelada benzinin bir litrinin qiyməti 3 (üç) sentdir - bizim pul ilə pulsuz. Dünya maliyyəçiləri bu fenomeni qırmızı köynək prezident Uqo Çavesin adamlığına (və avamlığına) bağlayırlar, deyirlər, sinyor populist adamdır, ona görə benzinin qiymətini ucuz eləyir ki, camaatın gözündən düşməsin. Çox xub. Bəs Abdullayev Türkmənistan fenomeninə nə deyir? Bu dünya dövlətində benzinin qiyməti bir az da ucuzdur - litri 2 (iki) sent.
Bundan başqa, digər neft ölkələrində də benzinin 1 litrinin qiyməti yarım litr mineral suyun qiymətindən azı 5 dəfə ucuzdur. Məsələn, Liviya (13 sent), Səudiyyə Ərəbistanı (16 sent), İran (9 sent) belə ölkələrdəndir.
Neft çıxaran ölkələrin içində öz iqtisadi inkişaf tempinə görə dünya liderinə çevrilən Azərbaycan isə bu qrup ölkələrin içinə girmir. Çünki bizim ölkəmizdə benzinin 1 litrinin qiyməti nefti olan, amma onu camaata ucuz satmaq istəməyən ölkələrdəki kimidir - 46 sent. (Oxucunun təəccüblənməyə ixtiyarı var - 2-3 sent hara, 46 sent hara? 20 dəfə fərq var).
Bununla belə, Rövnəq Abdullayev o mənada düz deyir ki, nefti olmayan bir sıra ölkələrdə neft məhsullarının qiyməti həqiqətən də bahadır - məsələn, Fransada (148 sent), Almaniya və Finlandiyada (155 sent), İsveçdə (146 sent). Qardaş Türkiyədə isə benzini dünyada ən baha qiymətə - litri 188 sentə satırlar. Görünür, ona görə bu ölkənin jurnalistləri ucuz benzin davası eləyirlər. Ancaq xeyri yoxdur, xam neftin qiyməti dünya birjasında gəlib 10 il əvvəlki məzənnəsinə - barreli 17 dollara düşsə də, arkadaşlar onu yenə köhnə qiymətə satacaqlar. Çünki biz türklərdə qaydadır - bir dəfə qalxan qiymət bir daha enməz.
Ona görə də, hörmətli həmkarlar, gəlin, neft sənayemiz üçün ağır keçən bu günlərdə benzinin qiymətinə dair söhbət eləməyək. Qarşıdan qara yanvar gəlir, yeni ilin ilk günlərində neft məhsullarının qiymətini qaldırsalar, əlimiz hara çatacaq. İki il öncə Heydər Babayevin rəhbərlik etdiyi Tarif Şurası yanacağın qiymətini qaldıranda “Ukrayna” dairəsindəki etiraz mitinqinə 3 min müsavatçı çıxmışdı - sanki qiymət artımının yalnız müsavatçılara dəxli vardı. Bu dəfə necə olacaq - heç kim bilmir.
P.S. Bizim rəhbərlər Qurbanqulunu bəyənmirlər, amma türkmənlər onun hesabına 1 dollar verib maşınlarını “polnu bak” eləyirlər, hələ 20 sent də qalıq pul alırlar.

Vüqar Bayramov: “Manatın məzənnəsi kəskin aşağı düşərsə, bu, sosial, iqtisadi problemlərin yaranmasına gətirib çıxaracaq”
Son günlər dünya bazarında gedən ziddiyyətli proseslər dönərli valyutaların kurslarına təsir göstərir. Belə ki, avronun məzənnəsi zəifləyib, bunun fonunda isə dollar möhkəmlənir. Qlobal maliyyə böhranının dolların başqa valyutalara nisbətən məzənnəsinin kəskin azalmasına gətirib çıxaracağı güman edilsə də bu baş vermədi.
Dünyanın ən böyük investisiya banklarından olan UBS-in hesabına görə, dollar həm avro, həm də digər valyutalarla, o cümlədən Azərbaycan manatı ilə müqayisədə bundan sonra da bahalaşmaqda davam edəcək. Bank ekspertlərinin fikrincə, dolların son dövrlər kursunun bahalaşması dünya iqtisadiyyatının zəifləməsinin göstəricisidir.
Nəzərə çatdıraq ki, son illər Azərbaycanda manatın məzənnəsinin digər valyutalara nisbətən kəskin möhkəmlənməsi müşahidə olunurdu. Bu, yerli istehsalçıların ixrac qabiliyyətinin zəifləməsinə, Azərbaycan daxilində maya dəyəri manatla ifadə olunan məhsulların dünya bazarında rəqabət imkanlarının məhdudlaşmasına, qiymətlərin artımına gətirib çıxarmışdı. Hətta Milli Bank antiinflyasiya tədbiri kimi əsas diqqətini milli valyutanın mübadilə məzənnəsinə yönəltmişdi. Manatın dollar və avroya nəzərən məzənnəsinin ciddi tənzimlənəcəyi bildirilirdi. Narahatlıq doğuran məsələlərdən biri də manatın dollara nisbətən məzənnəsinin möhkəmlənməsinə baxmayaraq, milli valyutanın alıcılıq qabiliyyətinin aşağı düşməsi prosesinin baş verməsiydi.
İqtisadçı ekspert Vüqar Bayramov ilin əvvəllərində dolların avroya və digər valyutalara nisbətən məzənnəsinin möhkəmlənəcəyinə dair proqnozların olduğunu vurğuladı: “Avronun dollara nisbətən məzənnəsinin aşağı düşməsinin səbəbi dolların möhkəmlənməsi nəticəsində Avropa Birliyinə üzv ölkələrdə ixrac potensialının zəifləməsi, ABŞ-a mal ixracının aşağı düşməsi, eləcə də avronun möhkəmlənməsinin Avropa iqtisadiyyatı üçün müəyyən iqtisadi və maliyyə problemləri yaratmasıdır. Avronun möhkəmlənməsi Avropada turizm sənayesi üçün kifayət qədər ciddi problemlərə gətirib çıxarmışdı. Praktiki olaraq, Avropa Birliyi ölkələri turistlər üçün cəlbedici deyildi. Söhbət xərclərin ən azı 60 faiz artmasından gedir. Əgər 3 il əvvəl avro bir dollar ətrafında idisə, sonradan avronun kursu 1,6 dollara qədər yüksəlmişdi. O baxımdan güman edilirdi ki, yay aylarından başlayaraq avronun məzənnəsinin aşağı düşməsi prosesi baş verəcək. Proqnozlar özünü doğrultdu. Amma təbii ki, məsələ yalnız avronun möhkəmlənməsinin Avropa iqtisadiyyatı üçün problemlər yaratması, iqtisadi potensialın aşağı düşməsi ilə bağlı deyil. Avropadakı iqtisadi tənəzzül də avronun məzənnəsinin aşağı düşməsinə təsir edən səbəblərdən biridir”.
V.Bayramov deyir ki, dolların məzənnəsinə təsir edən çoxsaylı faktorlar var: “Onlardan biri neftin qiymətinin aşağı düşməsi nəticəsində dolların məzənnəsinin möhkəmlənməsidir. Proses davam edir. Son günlər manatın avroya nisbətən məzənnəsinin möhkəmlənməsinə baxmayaraq, eyni zamanda dolların manata nisbətən məzənnəsinin möhkəmlənməsi müşahidə edilir. Son iki ayda ən çox məzənnəsi yüksələn, inam qazanan valyuta dollar olub. Hətta valyutadəyişmə məntəqələrində aparılan monitorinqlər göstərir ki, artıq vətəndaşların dollar alışı kifayət qədər artıb. Hərçənd ki, əvvəllər dolların alqı-satqısı ilə bağlı az və passiv əməliyyatlar aparılırdı. Yaxın keçmişdə yalnız avtomobil, mənzil alqı-satqısında əməliyyatlar dollarla həyata keçirilirdisə, son aylar vətəndaşlar dollara yığım kimi baxırlar”.
Ekspertin sözlərinə görə, əhali arasında avroya inam kəskin azalıb: “Avro ilə yığımlarda azalmalar var, eyni zamanda nağd əməliyatlarda avronun çəkisi aşağı düşüb. Son iki ayda avro manata nisbətən mövqelərini 29 faiz itirib”. Manatla yığımların da səmərəliliyinə şübhələrin olduğunu vurğulayan V.Bayramov iddia edir ki, bu, ölkənin maliyyə sektorundakı problemlərlə bağlıdır: “Manat, avro və dollar pul vahidlərinə nisbətdə əhalinin ən çox inandığı pul vahidi dollardır".
İqtisadçı bildirir ki, dolların manata məzənnəsinin möhkəmlənməsi həm xarici, həm də daxili faktorlarla bağlıdır: “Xarici faktor kimi, əsas səbəb odur ki, dollar bütövlükdə başqa valyutalara nisbətən möhkəmlənir. Dolların avroya məzənnəsinin möhkəmlənməsi prosesi sürətlənir. Digər tərəfdən güman edilirdi ki, qlobal maliyyə böhranı dolların mövqelərini sarsıdacaq. Amma bunun əksi baş verdi. Daxili faktorlara gəlincə, neftin qiymətinin aşağı düşməsi ölkəyə daxil olan dollar kütləsinin həcmini azaldıb. Bu pul dövriyyəsində dollar manat asılılığında dolların həcminin azalmasına gətirib çıxarır. Praktiki manat dollar mütənasibliyində həcm etibarilə manat daha çoxdur.
Başqa bir tərəfdən qlobal maliyyə böhranının nəticəsi olaraq kommersiya banklarının xarici maliyyə mənbələri sıradan çıxıb. Özəl bankların xarici maliyyə mənbələrindən aldıqları kreditlərin qısamüddətli olması həmin kreditlərin qaytarılmağa başlanması, böyük əksəriyyətinin qısa müddətdə qaytarılması şərti kommersiya banklarının dollara tələbatını artırıb. Nəzərə alsaq ki, kommersiya bankları yalnız bir ildə borclandığı 2 milyard dolları yaxın müddətdə qaytarmalıdır banklar artıq bazarda dolların alışı ilə məşğuldurlar. Söhbət manatın satılması dolların alınması prosesinin baş verməsindən gedir".
V.Bayramov hesab edir ki, bütövlükdə proseslər manatın məzənnəsinin möhkəmlənməsi istiqamətində deyil: “Kommersiya banklarının likvidliyinin azalması, neftin qiymətinin aşağı düşməsi, həm daxili, həm də xarici faktorlar maliyyə dairələrində narahatlıq yaradıb ki, manatın dollara nisbətən məzənnəsi kəskin aşağı düşə bilər. Azərbaycanda yaxın vaxtlar üçün defolt gözlənilməsə də belə proqnozlaşdırılır ki, dolların manata məzənnəsi möhkəmlənəcək. Gələn ilin ortalarına qədər manat dollar kursu bərabərləşəcək. Çünki proseslər dolların manata məzənnəsinin möhkəmlənməsi, manatın məzənnəsinin aşağı düşməsi istiqamətində gedir”.
Dolların məzənnəsinin möhkəmlənməsinin ölkə iqtisadiyyatına necə təsir göstərməsinə gəlincə, V.Bayramov “güman edilirdi ki, ölkəyə daxil olan malların, məhsulların qiyməti qalxacaq. Bu da onunla əlaqələndirilirdi ki, bütün əmtəələr dünya bazarında dollarla satılırdı. Amma bu proses müşahidə edilmir. Böyük ehtimalla bu, yaxın aylarda da baş verməyəcək”- deyə bildirdi: “Çünki dolların məzənnəsinin möhkəmlənməsi ilə paralel olaraq dünya bazarında qiymətlər ucuzlaşır. Yalnız son bir ayda buğdanın qiyməti 2 dəfə aşağı düşüb. Oktyabr ayında dünya bazarında ərzaq məhsullarının qiyməti 15 faiz azalıb. Qlobal bazarda qiymətlərin ucuzlaşması prosesi Azərbaycana idxal olunan malların qiymətinin aşağı düşməsinə gətirib çıxara bilər. Manatın dollara nisbətən məzənnəsinin zəifləməsi yerli məhsulların xaricə ixracını stimullaşdıra bilər. Bu halda Azərbaycanda istehsal olunan məhsulların dünya bazarında rəqabət aparmaq imkanları genişlənəcək. Çünki həmin məhsulların manatla ifadəsi dəyişməsə də dollarla ifadəsi azalacaq. Əgər bu gün olan narahatlıq reallaşarsa, yəni manatın dollara nisbətən məzənnəsi kəskin aşağı düşərsə, bu halda ixrac stimullaşmayacaq. Əslində belə vəziyyət sosial, iqtisadi problemlərin yaranmasına gətirib çıxara bilər”.
Bizi gözləyən təhlükələr real imiş
Zahid SƏFƏROĞLU
Madrid sənədinin gizlinləri tam açılmış sayıla bilər. Əslində ortada gizli elə bir şey qalmamışdı da. Sənədin ən ən mühüm və Azərbaycan üçün təhlükəli məqamları barədə zaman-zaman həm vasitəçilərin xəsis açıqlamaları əsasında, həm də İrəvan və Bakı rəsmilərinin söylədiklərini həmin açıqlamalara tutuşdurmaqla yazmış, şərhlər vermişdik (Bəzi hallarda bu söylənilənlər bir-birinə zidd olsa belə). İndi artıq müəyyən qənaətlərin altını qırmızı xətlə cızmaq olar.
Əvvəla, sənədin məhz Ermənistan mediasında işıq üzü görməsi diqqət çəkir. Xatırladaq ki, son vaxtlar prezident Serj Sərkisyan ölkəsi daxilində Qarabağa, konkret olaraq Moskva bəyannaməsinə görə amansız tənqid edilir, az qala milli maraqlara xəyanətdə suçlanırdı. Amma dərc olunan sənədin mətnindən göründüyü kimi (onun həqiqiliyi şübhə doğurmur), erməni ultramillətçilərinin Sərkisyanı ittiham etməsi üçün əsaslar ciddi deyil. Çünki orada Azərbaycan üçün qorxulu elementlər qat-qat çoxdur, nəinki Ermənistan üçün.
Düzdür, 1-ci bənddə “Ermənistan və Dağlıq Qarabağ silahlı qüvvələrinin Dağlıq Qarabağın ətrafındakı işğal olunmuş bütün ərazilərdən çıxarılması (Kəlbəcər və Laçın üçün xüsusi şərtlər olmaqla)” göstərilir. Yəni Ermənistan müəyyən mənada torpaqlarımızı işğal edən təcavüzkar kimi təqdim edilir. Bu, bizdən ötrü müsbət haldır, ancaq əvəzində...
ƏVƏZİNDƏ:
Buradaca qeyd edək ki, Madrid sənədi Rusiyanın Gürcüstana müdaxiləsindən əvvəl ərsəyə gəlib. Bəlli olduğu kimi, həmin olaydan sonra regionda yeni situasiya yaranıb və ABŞ Kremlin siyasətini “vurmaq” üçün Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini, hətta münaqişənin yalnız ölkəmizin sərhəd bütünlüyü çərçivəsində həllini mümkün saydığını (Brayza) açıq şəkildə bəyan etməyə başlayıb.
Lakin Moskva bəyannaməsindən sonra hər şey köhnə axarına qayıtmış kimi görünür. Niyə? Çünki orada Madrid sənədinə istinad var və bu üzdən vasitəçi dövlətlər onu təqdir edirlər. Bir az da dəqiqləşdirsək, Madrid prinsipləri Moskva bəyannaməsi ilə faktiki, möhkəmləndirilib. Məsələn, Moskva sənədində də savaş variantının gündəmdən çıxarıldığına, problemin sırf siyasi vasitələrlə həllinə qarant yer alıb ki, bu, artıq Rusiya və Ermənistanla yanaşı, ABŞ-ın, Qərbin maraqlarına da uyğundur. Söhbət bölgədəki strateji, enerji maraqlarından gedir.
Hərçənd fərqlər də var. Moskva bəyannaməsində konfliktin beynəlxalq hüquq normaları əsasında həlli zəruriliyinin əksini tapması bu qəbildəndir. Ancaq unutmayaq ki, xalqların öz müqəddəratını təyinetmə hüququ da belə normalardan hesab edilir. Madrid sənədində isə bu norma ixtilafın həllində hətta əsas kimi götürülüb, ərazi bütövlüyü prinsipinin isə adı belə çəkilməyib. İndi yerdə qaldı, özünüz hesablayın.
P.S. Azərbaycan tərəfi Madrid sənədini rədd etməyib.
İlham Şaban: "Enerji daşıyıcılarının qiymətini qaldırmaq ölkədə bahalaşmaya səbəb olacaq"
-Benzinin qiymətində 10 qəpik artım olursa, hesablayın ki, Azərbaycanda bir ildə 1,5 milyon ton avtomobil yanacağı satılır. Görün nə qədər qazanc əldə olunur...
Azərbaycanda neft məhsullarının qiyməti qaldırıla bilər. Bunu mətbuata açıqlamasında Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev deyib. Onun sözlərinə görə, Azərbaycanda neft məhsullarının qiyməti dünya qiymətlərindən çox-çox aşağıdır və buna yenidən baxılması məqsədəuyğundur. Dünya bazarında neftin qiymətinin durmadan ucuzlaşdığı bir vaxtda ARDNŞ rəhbərinin neft məhsullarının qiymətinin artırılması tərəfdarı kimi çıxış etməsi və buna əsas kimi dünya ölkələrindəki qiymətləri göstərməsi birmənalı qarşılanmayıb.
"Turan" İnformasiya Agentliyinin iqtisadçı-eksperti İlham Şaban "Şərq"in əməkdaşı ilə söhbətində bildirib ki, Azərbaycanda neft məhsullarının qiyməti heç də R.Abdullayevin dediyi kimi ucuz deyil. Onun sözlərinə görə, dünyadakı qiymətlər müqayisə olunursa, dünyadakı orta əməkhaqqının məbləği də müqayisə olunmalıdır: "Amerikanı götürsək, neft hasil edən ştatlardan Texasda benzinin bir litri 75 sentdir. Digərlərində qiymət 85 sent təşkil edir. Amma orda orta əməkhaqqı 3-4 min dollardı. İkinci bir tərəfdən, Avropada benzin 1 avro dəyərindədir. Amma görək, Avropada 2 min dollardan az əməkhaqqı alan varmı? Azərbaycanda maaşların həcmi Avropadan 10 dəfə azdır. Bu nisbəti də götürmək lazımdır. Digər bir tərəfdən, bəyəm bizim neft emalı zavodlarının rentabeli aşağıdır? Məncə, aşağı deyil. Qiymət artımı o ölkələrdə baş verir ki, neft emalı zavodu özü neft hasil edən obyektlərdən nefti alır və qiymət dəyişir. Bizdə isə dövlət tənzimlənməsidir. Qiymət dəyişmir. Neft emalı zavodunun maya dəyərində də dəyişiklik yoxdur. Bu, dünya bazarında taxılın qiyməti qalxanda çörəyin qiymətinin qalxmasına bənzəyir. Unun qiyməti qalxanda bizdə çörəyin qiyməti qalxdı, indi unun qiyməti düşüb, amma çörəyin qiymətini salmırlar". İlham Şaban deyir ki, bizdə neft məhsullarının qiyməti bazar-təklif münasibətləri ilə tənzimlənmir. Satış hüquqi cəhətdən həyata keçirilir: "Bizdə bu proses Tarif Şurasının qərarı ilə, administrativ yolla həyata keçirilir. Bizdə də benzin satışında bazar rəqabəti olsaydı, fərqli vəziyyət olardı". İlham Şaban həmçinin deyib ki, dünya bazarında neftin qiyməti aşağı düşdüyü halda Azərbaycanda neft məhsullarının qiymətinin qaldırılması yalnız daha çox xeyir götürməyə hesablana bilər: "Benzinin qiymətində 10 qəpik artım olursa, hesablayın ki, Azərbaycanda bir ildə 1,5 milyon ton avtomobil yanacağı satılır. Görün nə qədər qazanc əldə olunur".
Ekspert deyir ki, neft məhsullarının qiymətinin qaldırılması ölkədə yeni qiymət artımına səbəb ola bilər: "2007-ci ilin qiymət artımında dedilər ki, bu artım kartofun maya dəyərində 3 faiz, çörəkdə 2 faiz təşkil edəcək. Mən 5 faizdən artıq təsir eşitmədim. Amma qiymətlər ən azı 30-50 faiz bahalaşdı. Böhran vaxtı yenidən artım etmək böyük fəsadlara səbəb ola bilər. Reallıq odur ki, istənilən məhsulun qiymətini qaldırmaq qazancdır, amma enerji daşıyıcılarının qiymətini qaldırmaq ölkə üzrə bahalaşmadır".
VÜQAR BAYRAMOV: "AZƏRBAYCANDA BENZİNİN QİYMƏT ARTIMI ÜÇÜN HEÇ BİR İQTİSADİ ƏSAS YOXDUR"
Qlobal maliyyə böhranı və buna müvafiq olaraq dünyada neftin qiymətinin aşağı düşməsi benzinin də qiymətinə təsir göstərib. Dünyanın bir sıra ölkələrində benzin ucuzlaşıb, o cümlədən qonşumuz Türkiyə və Rusiyada. Son iki ayda ABŞ-da bu göstərici təqribən 20 faiz təşkil edib. Bizdə isə benzinin qiymətində heç bir ucuzlaşma qeydə alınmayıb. Əksinə benzinin qiymətinin qaldırılacağı barədə bəzi rəsmilərdən açıqlamalar gəlir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev qiymət artımının zəruri olduğunu irəli sürür və bunu neft məhsullarının qiymətinin dünya bazarları səviyyəsindən aşağı olması ilə əlaqələndirir. Dünya ölkələrində neftin ucuzlaşması fonunda benzinin də qiymət azalmasını tamamilə normal bir hal hesab edən iqtisadçı ekspert Vüqar Bayramov aşağıdakıları bildirdi:
- Ən azı ona görə ki, iyun ayı ilə müqayisədə benzinə olan tələbat aşağı düşüb. Bu da istər-istəməz onun qiymətinin ucuzlaşmasına gətirib çıxarır. Benzinin hasilatında neft əsas rol oynadığına görə, neftin ucuzlaşması benzinin də ucuzlaşmasını şərtləndirməlidir. Bütün dünyada, həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrdə neft və neft məhsullarının ucuzlaşdığı bir vaxtda ARDNŞ rəhbərliyinin qiymət artımı ilə bağlı təklifi kifayət qədər anlaşılmazdır. Birincisi, əgər dünya bazarında hər hansı məhsulun qiyməti aşağı düşürsə, Azərbaycanda isə həmin məhsulun qiymətinin artırılması iqtisadi cəhətdən başa düşülən deyil. İkincisi, ARDNŞ-nin qiymət artımı üçün Azərbaycanda benzinin mövcud qiymətinin dünya bazarındakı səviyəyə çatdırılmasını əsas arqument gətirməsi kifayət qədər köhnəlib. Çünki dünya bazarı anlayışı kifayət qədər nisbi anlayışdır. Təsəvvür edin, ABŞ-da bu gün benzinin qiyməti Azərbaycandakından aşağıdır. ABŞ neft istehlakının 45 faizlik payına sahibdir. Bu gün neftin qiymətinə təsir edə bilən bir ölkədə benzinin qiyməti Azərbaycandakından ucuzdursa, növbəti artımı necə başa düşmək olar? ABŞ-da həm də orta aylıq əmək haqqı Azərbaycanla müqayisədə 10 dəfə çoxdur. Belə olan halda beynəlxalq bazarlardakı qiymətləri əsas götürüb, benzinin və ya digər neft məhsullarının qiymətini artırmaq təşəbbüsünün heç bir iqtisadi əsası ola bilməz. Ümumiyyətlə, Avropa Birliyi ölkələri ilə (Hansı ki, benzinin qiyməti 1 avrodan 1,6 avroyadək dəyişən ölkələrdən söhbət gedir) müqayisə aparılması isə qəbul edilən deyil. Çünki o ölkələrdə qiymət qaldırılarkən müqayisə üçün benzinə çəkilən xərclərin vətəndaşın ümumi xərclərindəki payı əsas meyar kimi götürülür. ARDNŞ benzinin qiymətinin indiki qiymətdən 1 manata qədər artımına nail olsa, bu o deməkdir ki, bir vətəndaş orta aylıq əmək haqqı ilə (onu başqa məqsədlər üçün istifadə etməsə) 300 litr benzin ala bilər. Avropa Birliyi ölkələrində isə orta aylıq əmək haqqı ilə bir Avropa vətəndaşının aldığı benzinin həcmi bizdəkindən qat-qat çoxdur. Yəni Avropa Birliyi ölkələrində benzinin qiyməti 1,5 avro olsa da, bu, vətəndaşların xərcində nəzərəçarpacaq paya malik deyil. Biz Avropa Birliyi yox, MDB, xüsusən də neft istehsalçı ölkələrlə müqayisə apara bilərik. Neft ölkələrinin əksəriyyətində benzinin qiyməti Azərbaycanla müqayisədə aşağıdır. İran daxildə istehlak olunan benzinin qiyməti Azərbaycanla müqayisədə 6 dəfəyə yaxın ucuzdur.
- Benzinin bahalaşması ölkə iqtisadiyyatına nə vəd edir?
- Benzinin qiymətinin artırılmasına ayrıca tədbir kimi baxılmamalıdır. Çünki benzinin qiyməti artırılsa, (bu yəqin ki, gələn il üçün planlaşdırılır), digər məhsulların bahalaşmasına gətirib çıxaracaq. Bununla da, ölkəni kifayət qədər inflyasiya dalğası bürüyə bilər. Problem yalnız iqtisadi təsirlərlə bağlı deyil. Benzinin qiymətinin artırılması ümumi bahalaşma üçün psixoloji təsir yarada bilər. Bunu ötən təcrübələr göstərib. Hətta benzinə aidiyyəti olmayan mal və xidmətlərin kəskin bahalaşmasının şahidi olarıq.
- Azərbaycanda da enerjidaşıyıcıların, konkret olaraq benzinin ucuzlaşdırılması mümkündür?
Respublikamızda benzinin ucuzlaşması, heç olmasa indiki qiymətini stabil saxlamaq üçün kifayyət qədər imkanı var. Dövlətin indiyə qədər neft satışından kifayyət qədər gəliri olub. Bu artıq Azərbaycan hökumətinə imkan verir ki, nəinki benziin, ümumiyyətlə enerjidaşıyıcıların qiymət artımına yol verməsin. Çünki enerji sektorunu hətta tam subsidiyalaşdırmaq imkanları yaranıb. Amma bütün bunlara baxmayaraq, enerjidaşıyıcıların, xüsusən də benzinin qiymətinin endirilməsi üçün ölkədə iqtisadi zəmin olsa da, bunun baş verməsi real görünmür.
Çünki qərb ölkələrin təcrübəsi də göstərir ki, bu növ məhsulları ucuzlaşdırmaqdansa, əhalinin gəlirlərinin artırılması daha məqsədəuyğundur.

Rövşən Ağayev: «Artıq tikinti sektoru iflic olub, kənd təsərrüfatı isə bərbad vəziyyətdədir»
Dünya iqtisadi böhranı Avropa ölkələrində, Rusiya, Ukrayna və Qazaxıstanda hiss olunsa da, prosesin Azərbaycanda da əlamətləri sezilməkdədir. Amma böhranın konkret hansı sahələri və necə təsir göstərməsi barədə aydınlıq yoxdur. Bu barədə suallarımızı iqtisadçı ekspert Rövşən Ağayev cavablandırıb.
- Rövşən bəy, dünya iqtisadi böhranının Azərbaycana təsiri özünü nədə göstərir?
- Dünyada baş verən iqtisadi böhranın Azərbaycanda olduğu kimi əks olunmaması bir sadə səbəbi odur ki, ümumi daxili məhsulun (ÜDM) üçdə ikisi neft sektorunun hesabınadır. Qeyri-neft sektorunun ÜDM-da payı həddən artıq azdır. Ona görə də bizim diqqətimiz neft bazarında olmalıdır. Artıq tikinti sektorunda tənəzzül başlayıb və durğunluq yaranıb. Yəni mənzil bazarında təklif həddindən artıq çox, tələb isə yoxdur. 2006-cı illə müqayisədə 2007-ci ildə mənzil tikintisi 20 faiz aşağı düşüb. Son məlumatlara görə iki dəfə aşağı düşmə var. Yaxud quşçuluq fabriklərinin vəziyyəti göz önündədir və bir neçəsi özünü müflis elan edib. Əslində sadaladıqlarım dünya iqtisadi böhranının təsirləridir. Əgər gözləsək ki, dünya böhranı avropa ölkələrindəki miqyası etibarı ilə bizdə də hiss olunacaq, bu, doğru