Dövlət büdcəsi: Həqiqətlər və Uydurmalar I
![]()
Məlumdur ki, dövlətin iqtisadi, sosial, siyasi və s. sahələrdə çoxsaylı, çoxşaxəli işləri yerinə yetirməsindən ötrü maliyyə vəsaiti tələb olunur. Bu mənada dövlət büdcəsi dövlətin dayağı, möhkəm təminatı, müdafiəçisi və etibarlı söykənəcəyidir. Aydın məsələdir ki, əksər problemlərin həlli, toplanan pul vəsaitlərinin qədərindən asılıdır. Belə ki, iqtisadiyyatın inkişafı və tərəqqisi bununla şərtləşir, nəticə etibarilə ondan asılıdır. Maddi imkan olmadan cəmiyyət öz qarşısında qoyduğu ən adi məsələni belə həll edə bilməz.
Büdcə kəsiri, onun yaranma səbəbləri, sosial iqtisadi nəticələri və aradan qaldırılması yolları
Azәrbaycan Respublikasının 2008-ci il dövlәt büdcәsinin gәlirlәri 7 382,6 mln. manat (oxumaq qaydası: 7 milyard 382 milyon 600 min manat), xәrclәri 8 509 mln. manat, büdcə kəsiri isə 1 126,4 mln. manat həcmində nəzərdə tutulur. Bu cari ilin büdcəsinin gözlənilən kəsiri (544 mln. manat) ilə müqayisədə 2 dəfədən də çoxdur. Cari illə müqayisədə dövlət büdcəsinin gəlirlərinin 28%, xərclərinin isə 34.7% artımı gözlənilir.
Aydın məsələdir ki, büdcə kəsiri ağır problemdir, onun yaranması büdcənin gəlir və xərcləri arasındakı nisbətin pozulması ilə müəyyən olunur. Daha aydın desək, bu hər hansı bir ölkənin xərclərinə nisbətən gəlirlərinin azlığı nəticəsində yaranır.
Bəs büdcənin xərclərinin gəlirlərini ötməsinin səbəbi nədir? Bilirik ki, məsələn, müəyyən şərait üzündən əgər dövlətin iqtisadi, siyasi, sosial və s. dairədə fəaliyyəti genişlənirsə, təbiidir ki, xərclər də buna müvafiq olaraq artacaqdır. Belə ki, dövlət aparatının böyük-kiçikliyi, ölkənin hərbi və ya xüsusi fövqəladə vəziyyətdə olması, ölkədə baş verən fors-major hallar (təbii fəlakət, zəlzələ, sunami) və s. xəclərin artması ilə müşayiət olunur. Belə olan təqdirdə, ölkəmizin 2008-ci il üçün büdcə xərclərinin artmasına zərurət vardımı? Amma, amma... Hə, yadıma düşdü. Axı, 2008-ci il prezident seçkiləridir.
Dünya təcrübəsi göstərir ki, bu və ya digər ölkənin büdcə kəsiri ÜDM-in (Ümumi Daxili Məhsulun) 3 faizindən yüksək deyilsə, o normal hal hesab olunur. Bəs bizdə vəziyyət necədir? Dövlət Statistika Komitəsinin məlumatına görə, 2007-ci ilin yanvar–oktyabr aylarında 18.7 milyard manatlıq Ümumi Daxili Məhsul istehsal edilmişdir. Buna əsaslanaraq demək olar ki, proqnozlaşdırılan büdcə kəsirinin hal-hazırki ÜDM-dəki çəkisi 6% təşkil edir. Amma, ÜDM-in artım sürətini nəzərə alsaq məlum olar ki, bu göstərici gələn il təxminən 4-5% civarında tərəddüd edəcək. Bu isə hökümətin büdcə kəsirinin ÜDM-in 3%-ni ötməməsi barədə beynəlxalq maliyyə qurumları qarşısında götürdüyü öhdəliyinin icra olunmaması deməkdır.
İqtisadiyyatın müəyyən bölmələrini inkişaf etdirmək məqsədilə dövlətin ümumi xərcləri artırsa bu alqışlanmaldır. Həqiqətən, əgər büdcə xərcləri gələcək inkişaf üçün artırsa bunun nəyi pisdir? Amma bizdə? Bundan əvvəlki sətirbaşında (abzasda) qeyd etdiyim kimi, 2007-ci ilin yanvar–oktyabr aylarında 18.7 milyard manatlıq Ümumi Daxili Məhsul istehsal edilmişdir. Bu ÜDM-in 60%-i isə neft hasilatının hesabına formalaşıb. Bu isə ölkədə 610 mindən artıq iş yerlərinin açılması haqqında uydurmaların ifşasıdır. (Nəzərə alın ki, bu rəqəmlər hələ “tavan rəqəmləri”dir, yəni kimə necə sərf edirsə, elə də rəqəm yazılır)
Büdcə kəsirinin yaranmasında “oğurluq” da az rol oynamır. Mən bundan əvvəlki məqaləmdə təkzibedilməz faktlara istinad edərək bu məsələyə toxunmuşdum. Milli Məclisdə gedən qızğın müzakirələrdə də bəzi deputatların çıxışları mənim sözlərimin həqiqəti əks etdirdiyini bir daha təsdiq etdi. Məsələn, P. Hüseynin “Büdcədən 4-5 milyard manat mənimsənilib” deməsi tamamilə həqiqəti əks etdirir.
Bütün bunları nəzərə alaraq qeyd etmək olar ki, dövlət büdcəsində kəsirin yaranması təkrar istehsal prosesini pozur, bu səbəbdən əhalinin bir qismi iş yerlərini itirmək təhlükəsi ilə üzləşir, nəticədə adi gəlirlərdən belə məhrum olurlar. Ölkə daxilində tələb və təklif arasında tarazlıq pozulur, bəzi məhsulların qiyməti artır. Öz yaşayış və gəlir mənbələrini itirənlərin bir hissəsi yaşamaq üçün cinayət etməli olurlar. Ölkədə sosial gərginlik də artır.
İndi nəzər-diqqəti cəlb edən başqa bir məsələyə toxunaq. Sual olunur: bəs dövlət büdcəsində yaranan kəsir necə və hansı yollarla örtülür?
Bəzi iqtisadçılar elə düşünür ki, büdcə kəsirinin aradan qaldırılması və azaldılması yolu sadəcə olaraq, yalnız gəlirlərin artırılmasıdır. Amma təəssüf ki, dövlət xəclərinin azaldılması barədə biz çox az fikirləşir və bu mənbəni heç təsəvvürümüzə belə gətirmək istəmirik. Hamı üçün gün kimi aydındır ki, hərbi xərclərin azaldılması, vergiverənlərin sayının artması və s. dövlət büdcəsinin kəsirini azaldır.
Amma bu gün Azərbaycanda 20 nazirin olması, 10 komitə sədrinin olması beynəlxalq miqyasda “rekord” göstəricidir. Özünüz nəticə çıxardın. Ölkəmiz üçün bu qədər idarəetmə xərcləri yersiz və artıq deyilmi? Bütün bu deyilənlərə dövlət xərclərinin gəlirlərə nisbətən üstün artması səbəbindən baş verən dövlət borcu problemini də əlavə etsək, bu məsələnin izahı daha dolğun görünər. Bu gün adambaşına 240 $-dan artıq dövlət borcu düşür. Axı, bu borcları qaytarmaq lazımdır. Yaxşı olardı ki, özümüz qazanaq, özümüz yeyək.
İstinad:
1. http://www.azstat.org/indexaz.php?id=511
ARDI VAR…


